EN

Mərkəzi Bank sabah faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 11-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək. Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.
Bəs bu dəfə Mərkəzi Bank hansı qərarı verəcək?
Moderator.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Mərkəzi Bankın bundan öncəki uçot dərəcəsi ilə bağlı açıqladığı press-relizin təhlili   və  "Dayanıqlı Maliyyə Hesabatı 2024" sənədinin təhlili göstərir ki, hazırkı makroiqtisadi göstəricilər şəraiti daxilində Mərkəzi Bank hələlik gözləmə mövqeyi tutacaq və faiz dərəcələrinin sabit saxlanmasına üstünlük verəcək:
 "Bir tərəfdən inflyasiya hədəf diapozonundan bir qədər yuxarıdır, bu, uçot dərəcəsini aşağı salmağa imkan vermir. 
Digər bir tərəfdən də, geosiyasi risklər, idxal inflyasiyası məsələsi, eyni zamanda da, iqtisadiyyatın artım tempinin əngəllənməməsi üçün isə faiz dərəcəsinin  artırılması gözlənilmir. Böyük ehtimal ki, sabah Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayacaqdır”.
Qeyd edək ki, son bir ildə AMB uçot dərəcəsini sabit saxlayıb. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir.
 
Mehin Mehmanqızı
 
Chosen
50
moderator.az

1Sources