Bakı, 10 iyun, AZƏRTAC
Bu gün SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Ölkəmizin yaşıl enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13,8 milyon dolları məbləğində 330-dan çox əqd bağlanıb.
SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66,5 faizini təşkil edib.