ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard dünya ictimaiyyətinə ciddi xəbərdarlıqla müraciət edərək bildirib ki, bəşəriyyət bu gün nüvə məhvi təhlükəsi ilə üz-üzədir.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
Onun sözlərinə görə, nüvə silahına malik dövlətlər arasında gərginliyin süni şəkildə artırılması dünyanı tamamilə fəlakətə sürükləyə bilər.
Gabbard bildirib ki, ABŞ-ın siyasi elitası və müharibəyə çağıran qüvvələr – istər siyasi, istərsə də media dairələrində – qlobal münaqişənin genişlənməsində əsas məsuliyyət daşıyırlar. Onlar üçün bu gərginlik və qarşıdurma təhlükəsi real deyil, çünki onların bəzilərinin fövqəladə vəziyyətlər üçün bunkerlərə çıxışı var.
"Adi insanlar isə belə imkanlara malik deyil, onların həyatları təhlükə altındadır", – deyə o vurğulayıb.
Tulsi Gabbard nüvə hücumu halında ortaya çıxacaq dəhşətli nəticələri sadalayıb:
Yüz minlərlə, hətta milyonlarla insanın dərhal həlak olması;
Radioaktiv çirklənmə nəticəsində uzunmüddətli xəstəliklər və ölüm halları;
Atmosferdə dəyişikliklərlə müşayiət olunan "nüvə qışı", yəni günəş işığının azalması və temperaturun kəskin düşməsi;
Qlobal ərzaq böhranı və aclıq – həm məhsuldarlığın azalması, həm də tədarük zəncirlərinin pozulması səbəbilə.
Gabbardın bu çıxışı xüsusilə ABŞ-Rusiya münasibətlərinin son dərəcə gərgin olduğu bir dövrə təsadüf edir. 2022-ci ildə Rusiya Federasiyasının Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə ilə başlayan müharibə həm Avropanı, həm də qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkdi.
ABŞ bu münaqişədə Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməkdə davam edir. Rusiya isə Vaşinqtonun bu addımlarını birbaşa düşmənçilik aktı kimi qiymətləndirir və dəfələrlə xəbərdarlıq edib ki, ABŞ və NATO-nun Ukraynada "qırmızı xətləri" keçməsi halında cavab sərt olacaq. Bu cavablar arasında nüvə imkanlarının gündəmə gətirilməsi də olub.
Ekspertlər bildirirlər ki, Ukrayna müharibəsi artıq sadəcə Rusiya ilə Ukrayna arasında olan lokal münaqişə deyil, əksinə, ABŞ və Rusiya arasında geosiyasi qarşıdurmanın açıq və təhlükəli formasıdır. Bu vəziyyət də Tulsi Qabbardın dediyi kimi, iki nüvə dövləti arasında birbaşa toqquşma riskini artırır.
Tulsi Qabbardın çıxışı əslində sadəcə xəbərdarlıq deyil, həm də çağırışdır – müharibəyə meyilli siyasətçilərə, silah sənayesinin maraqlarını güdən qüvvələrə və informasiya müharibəsini alovlandıran medialara qarşı ictimai təzyiq göstərmək üçün bir çağırış. Onun fikrincə, diplomatiya və qarşılıqlı hörmət əsasında qurulmuş təhlükəsizlik mexanizmləri bəşəriyyəti fəlakətdən xilas edə biləcək yeganə yoldur.
Bizim.Media