"15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin və xalqın rifahının təmin olunması istiqamətində dönüş nöqtəsi olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə anarxiya və vətəndaş qarşıdurmasının qarşısını almış, müstəqil dövlətimizin siyasi əsaslarını formalaşdırmışdır. Bu günün tarixi əhəmiyyəti ondadır ki, milli birliyə, dövlətçilik ənənələrinə və inkişaf strategiyasına əsaslanan yeni mərhələ başlanmışdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Ümummili Lider Heydər Əliyev qısa zaman kəsiyində dövlət strukturturlarında genişmiqyaslı islahatlar həyata keçirmiş, işlək mexanizmə çevirdiyi demokratik-hüquqi dövlət konsepsiyası əsasında Azərbaycanın modernləşməsinin fəlsəfəsini formalaşdırmışdır:
"Eyni zamanda, ordu quruculuğu istiqamətində də əsaslı islahatlar həyata keçirilmiş, könüllü özünü müdafiə dəstələrindən nizami orduya keçid təmin olunmuşdur. Məhz həmin konsepsual yanaşmanın məntiqini nəticəsini Azərbaycan xalqı 2016, 2020 və 2023-cü illərdə şanlı qələbələrlə müşahidə etmişdir. Qürur və fəxr hissi ilə qeyd edirəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan regionda sülhün, tərəqqinin və sabitliyin ideya mərkəzinə çevrilmişdir. Buna görə də, Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün yalnız bir tarix deyil, həm də əzm, iradə və vətənə sədaqət simvoludur".
Vüsalə İbrahimli