EN

Türk dövlətlərinin ailə məsələləri Bakıda müzakirə edilib

Gənc Ailə Forumunun açılış mərasiminə həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarınamüraciətinioxuyub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Qarabağ Zəfərindən sonra 2615 ailə, yəni, 10 min 233 vətəndaş işğaldan azad edilmiş ərazilərə köçürülüb. 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin, o cümlədən 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.



B.Muradova vurğulayıb ki, gənc ailələrin ortaq dəyərlər üzərində dialoq aparmaları üçün bu forum unikal platformadır: “Ailə təməllərini möhkəmləndirmək üçün erkən evliliklər, boşanmalar və digər məsələlər ilə bağlı mexanizmlərimizi möhkəmləndirməliyik. Dəyərlərimizə yad olan məsələlərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almalıyıq”, - deyə komitə sədri bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 102 min 10 uşaq dünyaya gəlib və demoqrafik artım 43 min 401 nəfər olub. Hazırda ailə mexanizmi konsepsiyasının üzərində iş gedir.

Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş isə bildirib ki, Türkiyə həmin yanaşmanı əsas tutaraq qadınların həyatın bütün sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görür. Qanunvericilik baxımından qadın və kişi hüquqları bərabərlik prinsipi əsasında tənzimlənib. Eyni zamanda, qız uşaqlarının təhsilə cəlb olunması və qadınların bilik səviyyəsinin artırılması istiqamətində ciddi işlər aparılır. Mahinur Özdemir Göktaş vurğulayıb ki, qadınların gücləndirilməsi yalnız gender məsələsi deyil, eyni zamanda, cəmiyyətin rifahı, ədalət və inkişaf üçün vacib strateji istiqamətdir.



"Qadınların sosial proseslərdə fəal iştirakı müasir dövrün əsas çağırışlarından biridir. Qadınların sahib olduqları bilik, bacarıq və liderlik keyfiyyətləri bu gün regional və qlobal miqyasda ümidverici həllərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq səviyyədə qadın liderlərin ön plana çıxdığını müşahidə edirik. Qadınlar, sadəcə, ailənin deyil, eyni zamanda, cəmiyyətin dayanıqlılığını təmin edən güc mənbəyidir. Tarix boyu qadınlar dövlət idarəçiliyində, ictimai həmrəylikdə və strateji qərarların verilməsində önəmli mövqelərdə təmsil olunublar".

“Türk dövlətləri olaraq bizi birləşdirən dərin mənəvi köklər, ortaq tarix və ailə dəyərləri bu gün də fəaliyyətimizin əsasını təşkil edir” deyən, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambarov vurğulayıb ki, qadınlara hər sahədə dəstək vermək cəmiyyətin sağlam inkişafının ayrılmaz hissəsidir. Qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin 51 faizini təşkil edirlər. Onların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakı gələcəyimiz üçün son dərəcə vacibdir.



“Qazaxıstanda ailə institutunun möhkəmləndirilməsi məqsədilə 2028-ci ilədək icra olunacaq yeni layihə artıq hazırlanıb və icraya başlanılıb. Bu yolla həm ailə institutunu möhkəmləndirmək, həm də qadınların və gənclərin rifahını təmin etmək hədəflənir. Əminəm ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə atdığı addımlar ortaq gələcəyimizə xidmət edəcək və xalqlarımız arasında həmrəyliyi daha da möhkəmləndirəcək”, - deyən Kayrat Kambarov sonda Türk dünyasının ortaq dəyərlərini yaşadan və bu tədbirə ev sahibliyi edən Azərbaycana təşəkkür edib.

Daha sonra Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində Kommunike sənədi qəbul edilib. “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə sənəd əvvəlcə səsə qoyulub, daha sonra isə TDT-yə üzv ölkələr tərəfindən təsdiq edilərək imzalanıb.

AzVision.az

Chosen
38
3
azvision.az

5Sources