EN

"Müstəqillik dövrünün hər bir uğuru 15 İyun – Milli Qurtuluş Günü ilə başlanır" - DEPUTAT

"Müstəqillik dövrünün hər bir uğuru 15 İyun – Milli Qurtuluş Günü ilə başlanır" - DEPUTAT"Azərbaycan xalqı tarixinin dönüş nöqtələrindən biri olan 15 İyun – Milli Qurtuluş Gününü hər il böyük ehtiramla qeyd edir. Bu əlamətdar tarix, təkcə siyasi lider dəyişikliyi ilə deyil, eyni zamanda xalqın iradəsinin təcəssümü, dövlətin xilası və gələcək inkişafının təməl daşı kimi qiymətləndirilir. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu günün ölkəmizin siyasi sabitliyinin təmin olunmasında, daxili və xarici təhdidlərdən qorunmasında, eləcə də xalqın rifah halının yüksəldilməsində rolu misilsizdir.1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası dərin siyasi, iqtisadi və sosial böhranlarla üz-üzə idi. Yeni dövlət strukturları formalaşmamış, hüquqi və inzibati idarəetmə sistemi iflic vəziyyətdə idi. Hakimiyyət uğrunda mübarizə, silahlı qarşıdurmalar, separatçılıq meylləri və xarici təhdidlər ölkəni xaosa sürükləyirdi. Xalqın gələcəyə inamı sarsılmışdı. Məhz belə bir mürəkkəb və təhlükəli şəraitdə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı tarixi zərurətə çevrildi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd etdi ki, Milli Qurtuluşdan sonra həyata keçirilən tədbirlər müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və iqtisadi əsaslarını yaratdı:

"1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə siyasi idarəetmə təcrübəsi olan güclü liderlik formalaşdı. Bu tarixi gün Azərbaycanın müstəqilliyinin qorunması, milli dövlətçiliyinin bərpası və sabitliyin təmin olunması yolunda həlledici rol oynadı. Sonrakı hadisələr göstərdi ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı olmasaydı, müstəqil Azərbaycan dövləti mövcudluğunu belə davam etdirə bilməzdi. Milli Qurtuluşdan sonra həyata keçirilən tədbirlər müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və iqtisadi əsaslarını yaratdı. Konstitusiya qəbul edildi, dövlət idarəetmə sistemi strukturlaşdırıldı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin təməli qoyuldu. Xarici siyasət sahəsində tarazlı və milli maraqlara əsaslanan diplomatiya quruldu.

Xüsusilə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının başlanğıcı olmaqla yanaşı, ölkənin iqtisadi təhlükəsizliyini və siyasi müstəqilliyini gücləndirdi. Bu gün Azərbaycanı Cənubi Qafqazda liderə çevirən enerji layihələrinin əsasında məhz həmin strategiya dayanır.

Bu gün Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi sayəsində regionda və dünyada nüfuzlu dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və uğurlu siyasət nəticəsində Azərbaycan güclü orduya, böyük iqtisadi potensiala, müstəqil xarici siyasətə malik olan ölkə kimi çıxış edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə də məhz bu kursun məntiqi nəticəsi idi. Tarixi ədalətin bərpası və ərazi bütövlüyünün təmin olunması Azərbaycanın regional liderliyini daha da gücləndirdi.

Müstəqillik dövrünün hər bir uğuru 15 İyun – Milli Qurtuluş Günü ilə başlanır. Bu gün olmasaydı, bu uğurların heç biri mümkün olmayacaqdı. Ona görə də bu tarix təkcə siyasi hadisə kimi deyil, həm də xalqın öz taleyini öz əlinə almasının təntənəsi, milli ruhun dirçəlişi kimi dəyərləndirilməlidir".

Deputat onu da vurğuladı ki, Milli Qurtuluş Günü təkcə keçmişin dərslərini xatırlatmır, həm də gələcək nəsillər üçün mühüm mesajlar daşıyır:

"Bu tarix göstərdi ki, xalqın birliyi, güclü siyasi iradə və milli ideallar uğrunda fədakarlıq dövlətin yaşaması və inkişafı üçün əsas şərtlərdir. Gənc nəsil bu dəyərləri qorumaqla, Azərbaycanı daha da qüdrətli və müstəqil gələcəyə daşımaq missiyasını öz üzərinə götürməlidir.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, dövlətçilik yolunda atılmış ən önəmli addımlardan biri, milli ruhun, siyasi iradənin və xalq-iqtidar birliyinin rəmzidir. Bu günün siyasi sabitliyin təmin olunmasında, xalqın rifahının yüksəldilməsində və müstəqil dövlətçiliyin möhkəmləndirilməsində rolu əvəzsizdir. Azərbaycanın bu gün qazandığı uğurların əsasında məhz o tarixi gün dayanır. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi bu gün də dövlət idarəçiliyinin mayakıdı".

Vüsalə İbrahimli

Chosen
57
sonxeber.az

1Sources