Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu sözləri Ağdam Sənaye Parkına təşkil edilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib. Onun sözlərinə görə istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir.
Elçin Kazımov qeyd edib ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb:
“Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib, bu təsdiqedici sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər”.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu