EN

Kəlbəcərə ilk köç başlayır - Püşkatma keçirildi

İşğaldan azad olunmuş Kəlbəcər şəhərinə köç başlayır.
 
Moderator.az xəbər verir ki, ilk mərhələdə şəhərə 81 ailə köçürüləcək.
 
İyunun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər şəhərinə köçəcək sakinlər arasında ev bölgüsünə dair püşkatma keçirilib. Onlar yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.
 
Bundan başqa, yaxın günlərdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Horovlu kəndinə də ilk köç olacaq.
 
Həm Kəlbəcər şəhəri, həm də Horovlu işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində yeni evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr tikilib, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.
 
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
 
İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
 
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
 
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır.
Chosen
13
3
moderator.az

4Sources