Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyinə daxil edilmiş Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması dövlətin səlahiyyətləri sırasına daxil edilir.
Qanuna görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.
Dəyişikliyə əsasən, bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir.
Qanun yeni redaksiyada verilən 74-cü maddəsi təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və ya çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair tənzimləməni əhatə edəcək.
Dəyişikliyə görə, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və çoxmənzilli yaşayış binalarının (bundan sonra – yaşayış sahələrinin) yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi bu maddənin 2-ci hissəsində müəyyən edilmiş hallar əsasında məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahəsinin əvəzinə müvafiq məqsədlər üçün torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılacaq. Tikilinin mülkiyyətçisi bununla razılaşmadıqda və ya bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş torpaq sahəsi olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri, dəyəri mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınacaq.
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilmir:
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin gələcəkdə baş verə biləcək təbii fəlakət nəticəsində yaşayış sahələrinin tikintisi baxımından yüksək riskli ərazi olduğu müəyyən edildikdə;
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin təyinatı tikinti aparılmasına icazə vermədiyi və ya kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edildikdə.
Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyənləşəcək. Müraciətin və araşdırmanın nəticəsi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum bu maddənin 2-ci hissəsində göstərilən hallar barədə qərar qəbul edəcək və həmin qərarı 3 gün müddətində tikilinin mülkiyyətçisinə göndərəcək.