Sinqapur mərkəzli məşhur hava yolu şirkəti “Jetstar Asia” 31 iyul 2025-ci il tarixindən etibarən fəaliyyətini dayandıracaq. Şirkət bu qərarın maliyyə çətinlikləri və bölgədəki sərt rəqabət səbəbilə verildiyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Qantas” şirkətinin törəmə müəssisəsi olan “Jetstar Asia”, tədarükçü xərclərində 200%-ə çatan artımlar, yüksək hava limanı rüsumları və bölgədəki sıx rəqabət nəticəsində əməliyyatlarını dayandırmaq məcburiyyətində qaldığını bildirib.
Şirkət cari maliyyə ili üçün 35 milyon Avstraliya dolları zərər gözləyir.
Bağlanma prosesi çərçivəsində 500-dən çox işçinin işdən çıxarılacağı gözlənilir. Eyni zamanda, sərnişinlərə tam məbləğdə ödənişlərin geri qaytarılması təmin olunacaq, bəzi reyslərin isə “Qantas Group”un digər hava yolu şirkətlərinə yönləndirilə biləcəyi qeyd olunub.
Şirkət fəaliyyətini dayandırmazdan əvvəl qarşıdakı yeddi həftə ərzində uçuşlarını mərhələli şəkildə azaldacaq. Bu müddət ərzində reyslərə təsir edilən sərnişinlərlə birbaşa əlaqə saxlanılacaq və alternativlər təqdim ediləcək.
“Qantas” rəhbərliyi “Jetstar Asia”nın bağlanmasının qrupun digər törəmə şirkətləri olan “Jetstar Airways” və “Jetstar Japan”ın fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcəyini bildirib. Bu, “Qantas Qrup”u üçün bölgədəki fəaliyyətlərin digər markalar vasitəsilə davam etdiriləcəyi anlamına gəlir.
Bəsti Rəfizadə
Sfera.az