Çin əsilli “Pop Mart International Group” şirkətinin qurucusu və baş direktoru Van Ninq şirkətin məşhur “Labubu” fiqurlarının dünya üzrə sürətlə satılması fonunda ilk dəfə olaraq Çinin ən varlı 10 iş adamı sırasına daxil olub.
Valyuta.az xəbər veir ki, “Forbes”in real vaxtda yenilənən milyarderlər siyahısına əsasən, 38 yaşlı Van Ninqin sərvəti hazırda 22,7 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, Çinin varlılar siyahısında “ByteDance” qurucusu Can Yiminq, “Nongfu Spring” sədri Conq Şanşan və “Tencent”in həmtəsisçisi Ma Xuateni kimi tanınmış adlarla eyni sırada yer alır.
Labubu sərhədləri aşan oyuncağa çevrilir
Hong Kong əsilli rəssam Kasing Lung tərəfindən dizayn edilən “Labubu” fiqurları “Pop Mart”ın satışlarını yüksək həddə çatdırıb. Dovşanabənzər fiqurun iti qulaqları, kəskin dişləri və hiyləgər gülümsəməsi artıq pop-mədəniyyət simvoluna çevrilib.
Brendin Honq-Konq birjasında listlənmiş səhmləri bu il üç dəfə bahalaşaraq 270 HKD (təxminən 34,40 ABŞ dolları) həddinə çatıb. Bu fiqurlar Rihanna, Dua Lipa və Blackpink qrupunun üzvü Lisa kimi məşhurların kolleksiyalarına da daxil olub.
Hətta, aprel ayında “Labubu”nun üçüncü seriyası təqdim edildikdən sonra Londonda yerləşən mağazalardan birində alıcılar arasında dava düşüb. Hər fiqurun qiyməti 13,50 funt sterlinqdən (18,30 dollar) 50 funt sterlinqə qədər dəyişib. Çində isə insan ölçüsündə hazırlanmış bir “Labubu” heykəli 1,08 milyon yuan (təxminən 150 min dollar) dəyərində hərraca çıxarılıb.
Banklar belə “Labubu” ilə müştəri cəlb edir
“Labubu”nun artan populyarlığından banklar da istifadə etməyə çalışıb. Məsələn, Çinin “Ping An Bank”ı yeni hesab açıb 50 min yuan vəsait yatıran müştərilərə “Labubu” fiquru hədiyyə edirdi. Lakin bu təşəbbüs maliyyə tənzimləyiciləri tərəfindən ləğv edilib və bank qeyri-qanuni təşviq üsuluna görə xəbərdarlıq alıb.
Gəlir və satışlarda rekord artım
Pop Mart 2025-ci ilin ilk rübündə satışların illik müqayisədə 170 faiz artdığını açıqlayıb. Dəqiq rəqəmlər açıqlanmasa da, şirkət bu il satışların 20 milyard yuanı (təxminən 2,75 milyard ABŞ dolları) keçəcəyini proqnozlaşdırır. 2024-cü ildə isə şirkətin ümumi gəliri 13 milyard yuan, xalis mənfəəti isə 3,1 milyard yuan olub – bu da illik müqayisədə 180 faiz artım deməkdir.
Sərvanə Rəmixanova