EN

BMT QAK qlobal miqyasda qaçqın və məcburi köçkünlərlə bağlı son hesabatını açıqlayıb

Bakı, 12 iyun, AZƏRTAC

Təqribən 13 ildən artıq davam edən amansız vətəndaş qarşıdurması nəticəsində 13,5 milyon insanın öz evindən didərgin düşdüyü Suriya əvvəllər dünyanın ən böyük köçkünlük böhranını təmsil edirdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bildirib ki, artıq vəziyyət dəyişib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, keçən ilin dekabrında Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsi əksər suriyalıların tezliklə öz evlərinə qayıdacağı ümidləri yenidən alovlandırıb. Bu ilin may ayına olan məlumata görə, 500 min qaçqın və 1,2 milyon məcburi köçkün öz doğma ərazilərinə qayıdıb.

BMT QAK qeyd edib ki, indi Suriyanı dünyanın ən böyük köçkünlük böhranı məkanı qismində Sudan əvəz edir. Belə ki, bu ölkədə iki ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində 2022-ci ilin aprelindən bəri 14,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu, bütün Sudan əhalisinin üçdəbirini təşkil edir və indiyə qədər qeydə alınmış ən böyük daxili köçkünlük böhranıdır.

Ali Komissarlığın yeni hesabatı problemin böyük miqyasını əks etdirir, “qeyri-müəyyən dərəcədə yüksək” yerdəyişmələri qeyd edir, lakin bu il dünyanın paytaxtlarında yardımın kəsilməsinin təsirinə baxmayaraq, “ümid şüaları” olduğunu da vurğulayır.

Qaçqınlar üzrə Ali Komissar Filippo Qrandi deyib: “Biz beynəlxalq münasibətlərdə kəskin dəyişkənlik dövründə yaşayırıq, müasir müharibələr kəskin insan iztirabları ilə qeyd olunan kövrək, dəhşətli mənzərə yaradır”.

2024-cü ilin sonunadək dünya üzrə 123,2 milyon insan öz ev-eşiyindən didərgin düşüb ki, bu da əsasən Sudan, Myanma və Ukraynada uzun sürən münaqişələrin səbəb olduğu on ilin ən yüksək göstəricisidir. Qlobal miqyasda 73,5 milyon insan öz ölkəsində məcburi köçkünə çevrilib, həmçinin həmin ölkələrin hüdudlarından kənarda yaşayan 42,7 milyon qaçqının 73 faizi aşağı və orta gəlirli ölkələrdə, 67 faizi isə qonşu ölkələrdə məskunlaşıb.

F.Qrandi hesabatda “ümid şüalarının” olduğunu bildirib. Belə ki, 2024-cü ildə 188 800 qaçqın daimi olaraq öz ölkəsinə köçürülüb ki, bu da son 40 ildə ən yüksək rəqəmdir. Üstəlik, 2024-cü ildə 9,8 milyon insan əvvəllər yaşadığı evlərə qayıdıb, o cümlədən 1,6 milyon qaçqın və 8,2 milyon məcburi köçkün, əsasən də Əfqanıstan və Suriyadan olanlar geri qayıdıblar. Evlərinə qayıdan 8,2 milyon məcburi köçkün rekord bir il ərzində ikinci ən böyük göstəricini təşkil etsə də, hesabatda geri dönənlər üçün davam edən çətinliklər qeyd olunur. Məsələn, son bir ildə evlərinə qayıdan əfqan və haitili qaçqınların çoxu öz ölkələrindən deportasiya edilib.

Hesabatda vurğulanır ki, qayıtmalar könüllü olmalıdır və geri qayıdanların mənşə ərazisinə çatdıqdan sonra ləyaqəti və təhlükəsizliyi qorunmalıdır. Uzunmüddətli sülh quruculuğu və daha geniş davamlı inkişaf tərəqqisi bunu tələb edir.

F.Qrandi əlavə edib: “Sülh axtarışı qaçqınlar və evlərini tərk etmək məcburiyyətində qalan digər insanlar üçün uzunmüddətli həll yolları tapmaq üzrə bütün səylərin əsasını təşkil etməlidir”.

Son onillikdə bütün dünyada məcburi köçkünlərin sayı iki dəfə artıb, lakin BMT QAK-ın maliyyələşdirmə səviyyələri əsasən dəyişməz olaraq qalır. Hesabatda qeyd olunur ki, artan maliyyə çatışmazlığı onsuz da həssas köçkün icmalarına təhlükə yaradır və regional sülh prosesini daha da pozur. “Vəziyyət dözülməzdir və qaçqınları və başqalarını təhlükələrə daha da həssas edir”, -deyə BMT QAK bildirib.

 

Chosen
10
1
azertag.az

2Sources