Təəssüf ki, müasir cəmiyyətimizdə hələ də müəllimlik peşəsinə yaraşmayan qeyri-etik davranışlarla rastlaşırıq. Təhsil sahəsində çalışan müəllimlər və digər təhsilverənlər üçün isə qanunvericilikdə konkret etik davranış qaydaları müəyyənləşdirilib.
AzEdu.az-a bu sözləri Vəkillər Kollegiyasının üzvü Babək Umudov söyləyib.
Onun sözlərinə görə təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur:
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir”.
Həmsöhbətimiz qeyd edib ki, həmin qaydalarda təhsilverənlər üçün qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət kimi bir sıra prinsiplər müəyyən edilmişdir:
“Sözügedən Bakı şəhəri 112 nömrəli orta məktəbdə musiqi müəllimi uşaqların ağızlarını yapışqanla bağlamaqla məhz bu sadalanan prinsipləri və bu prinsiplərə əsasən müəllimin daşıdığı öhdəliklərini pozur.
Belə ki, həmin prinsiplərə əsasən təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. Təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir”.
“Bundan əlavə, təhsilverən tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin müəssisənin rəhbəri həyata keçirməli, etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli və qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir”,-deyə Babək Umudov vurğulayıb:
“Göründüyü kimi həmin müəllimin hərəkəti birbaşa intizam məsuliyyəti yaradır. Digər tərəfdən işin hallarından asılı olaraq adıçəkilən məktəb müəlliminin hərəkətini şagirdlər üzərində psixoloji zorakılıq olaraq da qiymətləndirmək mümkündür. Bu halda müəllimin inzibati məsuliyyətindən də söhbət gedə bilər.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir”.