İsrailin İrana qarşı hərbi əməliyyat planlarını yekunlaşdırması və bu barədə ABŞ-ni rəsmi şəkildə məlumatlandırması Yaxın Şərqdə yeni bir gərginlik mərhələsinin başlandığını göstərir. İsrailin planı artıq masa üzərindədir və bu, Tehran-Təl-Əviv xəttində uzun illərdir davam edən dolayısı qarşıdurmanın açıq müharibəyə çevrilə biləcəyi ehtimalını artırır.
İsrailin bu cür ciddi addım atmaqda əsas səbəbi İranın nüvə proqramı ilə bağlı narahatlıqlardır. İsrail rəhbərliyi dəfələrlə bəyan edib ki, Tehran rejiminin nüvə silahı əldə etməsi onların “qırmızı xətti”dir. Belə görünür ki, diplomatik vasitələrlə qarşısı alınmayan bu proses, artıq hərbi alətlərlə durdurulmağa çalışılır.
Bu prosesin digər əhəmiyyətli tərəfi, İsrailin ABŞ-yə öncədən xəbər verməsidir. Bu, həm Vaşinqtona siyasi jest, həm də əməliyyatın geosiyasi nəticələrinə ortaq məsuliyyət mesajıdır. ABŞ üçün bu xəbərdarlıq təkcə informasiya vermək deyil, həm də bölgədəki müttəfiqlərini hazırlıqlı vəziyyətə gətirmək məqsədi daşıyır.
İran isə bu kimi siqnalları yalnız hədələyici mesaj kimi deyil, real təhlükə kimi qəbul edir. Tehran bu cür əməliyyata cavab verəcəyini açıq şəkildə bəyan edir. Bu isə bölgədə yalnız iki dövlət arasında deyil, daha geniş coğrafiyada - Livan, Suriya, İraq və Qəzzada da yeni toqquşmaların başlaya biləcəyi anlamına gəlir.
Regional aktorlar - Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və hətta Rusiya bu prosesdə öz mövqelərini aydınlaşdırmaq məcburiyyətində qala bilər. Belə vəziyyətlərdə neft qiymətlərinin sürətlə artması, beynəlxalq bazarlarda qeyri-sabitlik, ərzaq və enerji təhlükəsizliyində risklər meydana çıxa bilər.
Diplomatik platformalarda səssiz qalan İran-ABŞ dialoqu da bu addımdan sonra ya tamamilə iflasa uğrayacaq, ya da yeni vasitəçilərlə yenidən formatlanacaq. Bu isə Vyana danışıqlarına yeni dinamika gətirə bilər.
Nəticə etibarilə, İsrailin İrana qarşı hazırladığı hərbi plan bir çox cəbhədə sarsıntı yaradacaq potensiala malikdir. Regionda sülh və sabitlik üçün hələlik diplomatik alternativlərin tükənmədiyi bir zamanda belə riskli addımların atılması, qlobal güclərin məsuliyyətli davranmasına və qırmızı xətlərin qorunmasına daha çox ehtiyac olduğunu göstərir. Əks halda, bu mərhələ Yaxın Şərqin son illərdə gördüyü ən sərt və dağıdıcı qarşıdurmalardan birinə çevrilə bilər.
Züriyə Qarayeva
Politoloq
Bakıvaxtı.az üçün