Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.