EN

Bir gün qəzet çıxmasa... Şahanə Müşfiq yazır

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Yubiley ərəfəsində Azərbaycan mətbuatının 150 illik tarixini düşündükcə, bir vaxtlar hər səhər yeni bir üfüq açan qəzetlərin gündən-günə necə kölgəyə çəkildiyini ürək ağrısı ilə müşahidə edirik. 19-cu əsrin ortalarından başlayaraq, qəzet adına kağız üzərində yazılan hər söz bir cəmiyyətin, bir xalqın düşüncəsi, narahatlığı, sevinci və dərdi idi. Qəzetlər bir zamanlar bizim üfüqümüzü genişləndirən, düşüncəmizi formalaşdıran ən önəmli vasitə olub. Amma indi, bütün dünyada olduğu kimi, Azərbaycanda da qəzetlər arxa plana keçib, onların yerini sosial media alıbsa da, sosial medianın səs-küyü arasında həmin dərdləri, sevincləri, düşüncələri tapmaq artıq çətindir.

Bizim üçün qəzet sadəcə xəbər daşıyıcısı olmayıb. Həm də fikir tribunası, maarif meydanı, vicdanın kağız üzərindəki inadı olub. Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi"ni çap etməsi əslində tərəqqi, inkişaf, aydın gələcək naminə böyük, sarsılmaz bir inad deyildimi?!

Zaman keçir, texnologiya inkişaf edir, oxucu tələbləri dəyişir. Bütün bunlar doğrudur. Amma qəzetin yeri - onun bədən istiliyi olan səhifəsi, mürəkkəb qoxusu, qatlanmış yerindəki cığıra bənzər iz - bunların yaratdığı zövq, fərqli hisslər dəyişmir. Çünki qəzet yalnız informasiya ötürmür, o həm də münasibət yaradır. Oxucu ilə yazar arasında şəffaf, lakin dərin bir rabitə qurur.

Sosial media bir xəbər tirajlayır - bir neçə dəqiqəlik təlaş, bəzən səhv başlıqlar, dezinformasiyalarla dolu dalğa... Yetər ki, "ən birinci biz olaq", yetər ki, "hər kəsdən çox biz oxunaq"... Qəzet isə dayanır, fikirləşir, süzgəcdən keçirir, sonra danışır. Bəzən qəzetin məhz bu ləngliklə sosial mediaya uduzduğunu deyirlər. Amma əslində olan odur ki, qəzet "danışmadan öncə düşünür". Çoxlarının irad tutduğu o lənglik bəlkə də qəzetin ən mühüm əxlaqi göstəricisidir: onun ləngliyində məsuliyyət var.

Olduqca məyusedici hallardan biridir ki, region qəzetləri artıq oxucuya "əlvida" deməyə başlayıb. Bir çox region qəzetləri qapılarını bağlayıb. Bir vaxtlar rayon mətbəələrindən çıxan, həmin bölgənin sevincini, dərdini, problemini, uğurunu yazan, yayan qəzetlər indi öz ömürlərini yalnız yaddaşlarda davam etdirir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Nə yazıq ki, paytaxt qəzetləri də eyni taleyə sürüklənməkdədir. Hər il bir neçə qəzet fəaliyyətini dayandırır, ya sayını azaldır, ya da yalnız onlayn formatda "yaşamağa davam edir". Ənənəvi qəzetlərin nəşri davam edir, amma çox sayda deyil. Artan xərc, azalan tiraj, oxucu biganəliyi - bütün bunlar qəzetin qarşısındakı ciddi təhlükələrdir.

Yubiley təntənəsi sevindirsə də, mətbuatdakı sələflərə mənəvi borcumuzu da, gələcəklə bağlı narahatlığı da xatırladır, qəzetlərin sabahının dünənindən çox ağır keçə biləcəyinə işarə vurur. 150 il! Bu, yalnız yaş rəqəmi deyil. Bu, hər addımda bir insanın fikri, sözü, əməli olan əzəmətli bir yolun ölçüsüdür. Əfsuslar ki, qəzetlərimizin tirajı bir vaxtlar onminlərlə ölçülürdüsə, bu gün bir qəzetin 500 nüsxə çap olunması belə sevindirici hadisə kimi görünür. Halbuki bu, yubiley ərəfəsində cəmiyyətin vicdanına verilmiş səssiz-sakit bir SOS siqnalıdır.

Bəzən deyirlər ki, "İnternet var, qəzetə nə ehtiyac?"Amma unutmayaq, internetdə oxuduğun xəbər silinə bilər, qəzetdə yazılan isə qalır - arxivdə, yaddaşda, kağızın illər ötdükcə saralan, ancaq yazılanları qoruyan sinəsində. Bir gün mətbuat tarixi unudularsa, o zaman bu cəmiyyət yalnız indi ilə, bu dəqiqə ilə yaşamağa məhkum olar. Nə keçmişi qalar, nə sabaha inamı.

Qəzetin önəmi yalnız məlumat verməkdə deyil, o həm də cəmiyyətin yaddaşını qorumaq, düşüncələrini şəkilləndirmək və haqlarını müdafiə etmək işini görür. Hər səhifə bir inam, hər başlıq bir xəbərdarlıq, hər məqalə bir çağırış ifadəsidir. Bir zamanlar səhər çörəyini alarkən insanlar həm də sevimli qəzetlərinin ilk səhifəsini çevirmək üçün tələsərdilər. Çünki o səhifə onlara yalnız hadisələri deyil, həm də o hadisələrə dair cəmiyyətin rəyini, xalqın fikrini təqdim edərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
525.az

1Sources