EN

2030-cu ilədək 90 bərpaolunan enerji stansiyasının inşası planlaşdırılır

Qarabağ və Şərqi Zəngəzur bölgələrində enerji səmərəliliyinin nümunəvi modeli tətbiq olunur.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Belçikanın Brüssel şəhərində keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransı çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu ərazilərdə sıfırdan qurulan “ağıllı şəbəkə”lər, qabaqcıl enerji səmərəliliyi standartları və rəqəmsal idarəetmə infrastrukturunun istifadəsi ilə yanaşı, 2030-cu ilə qədər ümumi gücü 1,6 QVt olan 90 bərpaolunan enerji stansiyasının inşası planlaşdırılır. Bu stansiyalar hesabına ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət ediləcək, istixana qazı emissiyaları isə 2 milyon tondan artıq azaldılacaq.

Həmçinin bildirilib ki, 2030-cu ilə qədər enerji sisteminə 2,7 QVt, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac üçün 4 QVt olmaqla, ümumilikdə 6,7 QVt gücündə yaşıl enerji layihələri icra edilir. Ölkədə quraşdırılan enerji gücündə yaşıl enerjinin payının 38 faizə çatdırılması ilə bərabər, bu güclərin hesabına ümumilikdə 4,4 milyard kubmetr həcmində təbii qazın istehlakının qarşısı alınacaq.

“Azərbaycanı Avropanın enerji keçidində mühüm yaşıl enerji təchizatçısına çevirəcək, Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı əlaqələndirəcək yaşıl enerji interkonnektorlarının icrası da prioritetlərimiz sırasındadır. Enerji itkilərini azaldan, regional şəbəkələr arasında balansı təmin edən, bərpa olunan enerjinin payını artıran, istehsal və tələbatı optimallaşdıran, emissiyaları minimuma endirən və enerji təhlükəsizliyini gücləndirən bu təşəbbüslərlə Azərbaycan böyük bir regionda enerji səmərəliliyinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə nazir əlavə edib.

Konfransın yekununda Birgə Bəyanat qəbul olunub. Bəyanatda enerji səmərəliliyinin qlobal enerji keçidində əsas rol oynadığı vurğulanır və bu sahədə irəliləyiş üçün güclü milli və beynəlxalq tədbirlərin vacibliyi qeyd olunur. COP28-də müəyyən edilən 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması hədəfi və COP29-un nəticələri fonunda texnoloji yeniliklər, maliyyə əməkdaşlığı və sosial ədalətə əsaslanan yanaşmalarla daha təsirli addımlar atmağın vaxtı çatdığı bildirilir.

Chosen
2
5
vergiler.az

6Sources