EN

Rusiya XİN yenə səhv etdi, Bakı və İrəvanı bu məsələdə eyni tutdu....


Akif Naği: "Rusiyanın məşhur "kökə və qamçı" siyasəti var, I Pyotrun vaxtından onlar bu siyasəti yeridirlər"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, NATO Cənubi Qafqazın təhlükəsizliyinə yaxşı heç nə gətirmir.

“Əksinə, qərblilərin əsas məqsədi regionda sabitliyi pozmaq, dövlətləri bir-birinə qarşı qoymaq və yeni gərginlik ocaqları yaratmaqdır.

Ümid edirik ki, həm Bakı, həm də İrəvan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və onların təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi risqlərini tam qiymətləndirirlər”, - o qeyd edib.

Azərbaycanın kifayət qədər balanslı xarici siyasəti ortada olduğu halda təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələsində Azərbaycanla Ermənistanı eyniləşdirmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, bu bəyanat Azərbaycana yönəlik hədə-qorxu kimi qəbul edilə bilərmi?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, regionda Qərblə Rusiya arasında rəqabət davam edir, bu da onun görünən əlamətlərindəndir: "Görünür, Qərb hansısa addımlar atır, Rusiya isə ciddi cəhdlə Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışir. Rusiya 2-3 il bundan əvvəllə müqayisədə regionda mövqeyini 60-70% itirib. Ermənistan hakimiyyəti Qərbin diqtəsi ilə hərəkət edir, Rusiya isə buna heç bir təsir göstərə bilmir. Rusiya kilsə vasitəsilə nəsə etməyə çalışır. Gələn il Ermənistanda seçkilər keçiriləcək, ona görə də iqtidarla müxalifət, Qərblə Rusiya arasında ciddi mübarizə kəskinləşir.

Zaxarovanın bu açıqlaması məntiqsizdir. Bu məsələdə Azərbaycanla Ermənistanı eyniləşdirmək doğru deyil. Burada xəbərdarlıq səsləndirilir, amma əslində bu hədə-qorxudur. Rusiya Ermənistanla münasibətlərini aydınlaşdırmalıdır, çünki Qərbə və NATO-ya can atan Pasinyandır. Rusiyanın Azərbaycana qarşı təzyiq və ya təhdid dili ilə danışmasına artıq yer yoxdur. Bunu Rusiya da başa düşməlidir.

Rusiyanın məşhur "kökə və qamçı" siyasəti var, I Pyotrun vaxtından onlar bu siyasəti yeridirlər. Özlərini də ağılli hesab edirlər ki, ölkələri bu siyasətlə nəzarətdə saxlaya bilirlər. Bu, Roma imperiyasindan qalma bir siyasətdir, ruslar bundan həm daxili, həm də xarici siyasətdə istifadə edirlər.

Məsələn, Rusiya Avropadakı səfirlərinin toplantısını Bakıda keçirməklə Azərbaycana xoş münasibət göstərir. Digər tərəfdən, Medinskinin dili ilə Qarabağı mübahisəli ərazi adlandırır. Yəni Moskva xatırladır ki, biz hələ də Qarabağı mübahisəli ərazi sayırıq və münaqişə yenidən qızışa bilər. Lakin onlar başa düşməlidir ki, Azərbaycan onların belə manevrlərinə əhəmiyyət vermir, öz maraqlarına uyğun siyasətini yürüdür. Rusiya anlamalıdır ki, nə onun kökəsi, nə də qamçısı bizə lazım deyil.

Hesab edirəm ki, Zaxarovanin bu açıqlaması Rusiyanın təsir imkanlarının genişləndirməsi cəhdlərinin təzahürüdür. Qərb artıq Ukraynada tam şəkildə fəallaşdı, Amerika isə hələlik bir qədər qeyri-müəyyən mövqedədir. ABŞ-nin də Avropanın mövqeyini dəstəkləyəcəyi daha çox gözləniləndir. Qərb hazırda Rusiyaya qarşı Ukraynada planların qurulmasında və reallaşdırılmasında iştirak edir. Uzaq mənzill raketlərə qarşı qadağanı aradan qaldırdı. Bunlar hamısı Rusiyaya böyük zərbədir.

Qərb Ukrayna ilə kifayətlənmir, Cənubi Qafqazda da fəallığını artırır. Ermənistan və Azərbaycanla münasibətlərini nizama salmağa çalışır. Belədə isə Rusiya hesab edir ki, Cənubi Qafqazda hər kəs onun mövqeyi ilə hesablaşmalıdır. Lakin Azərbaycanın belə məsələlərə mövqeyi aydındır, heç bir dövlət Azərbaycanı təhdid edə bilməz və o öz mövqeyindən geri çəkilməyib, çəkilməyəcək də. Amma hər halda nəzərə alınmalıdır ki, Zaxarovanın bu açıqlaması Rusiyanın mövqeyidir, bəlkə də Azərbaycan və Ermənistan arasında Rusiyaya yaxınlaşmaqda bir yarış mühiti yaratmaq istəyirlər. Çünki Ermənistan son aylarda çox sürətlə Rusiyaya yaxınlaşır, ondan daha çox istifadə etməyə çalışır. Onların başqa çıxış yolları da yoxdur. Yəqin Moskva istəyir ki, Azərbaycandan da analoji addımlar atılsın. Azərbaycan isə öz müstəqil siyasətini yürüdür, Rusiyadan təyyarə qəzasi ilə bağlı tələbləri və şərtləri var, Rusiya onları yerinə yetirməlidir".

Dəniz NƏSİRLİ

Chosen
26
baki-xeber.com

1Sources