EN

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Bir işdə qalmaq və ya yeni bir fürsət axtarmaq qərarı insanın özünü daha yaxşı tanıması və inkişafı üçün önəmli bir mərhələ ola bilər. Bəzən isə bu qərarı vermək çətinləşir. İşçi işdən ayrılmaqla ayrılmamaq arasında qalır. 

Valyuta.az sizə işdən çıxmaq zamanının gəlib-gəlmədiyini anlamaqda kömək edəcək 5 əlaməti təqdim edir.

1. Siz artıq inkişaf edə bilmədiyinizi hiss edirsiniz

Əgər olduğunuz vəzifə sizi irəli aparmırsa, yeni bacarıqlar qazanmaq və ya daha yüksək vəzifəyə keçmək üçün fürsətlər yoxdursa, bu, işdən ayrılmaq üçün ciddi siqnal ola bilər. Öz potensialınızı artıq tam istifadə etdiyinizi hiss edirsinizsə, bəlkə də yeni zirvələrə doğru yönəlməyin zamanıdır.

Bəzi hallarda bu tıxanıqlıq şirkətin əməkdaşlarının təkmilləşməsi üçün kifayət qədər şərait yaratmaması ilə bağlı olur. Əgər sizə konfranslara qatılmaq, sertifikatlar əldə etmək və ya özünüzü inkişaf etdirmək imkanı verilmirsə, inkişaf üçün daha uyğun bir mühit axtarmağınız təbii haldır.

2. Rəhbərlə münasibətlərinizdə problem yaşayırsınız

Əgər rəhbəriniz sizi dəstəkləmirsə, daim tənqid edir, amma istiqamət göstərmirsə və ya təşəkkür əvəzinə nəzarət və təzyiqlə yanaşırsa, bu da işdən çıxmaq üçün əsas səbəblərdən biri ola bilər.

Bəzən bu münasibət fərdi anlaşılmazlıqdan qaynaqlanır və onu dəyişmək çətin ola bilər. Əgər bu qarşılıqlı anlaşılmazlıq gündəlik işinizə təsir edirsə, daha sağlam bir mühit sizin üçün daha faydalı ola bilər.

3. Özünüzü dəyərsiz hiss edirsiniz

Əgər gördüyünüz işə görə nə maddi, nə də mənəvi təşəkkür almırsınızsa, bu da motivasiya itkisinə səbəb olur. Uğurlarınız görünmürsə, zəhmətinizin qiymətləndirilmədiyini düşünürsünüzsə, bu işin sizə verdiyi dəyər barədə düşünmək vaxtıdır.

Əmək haqqı sizi qane etmirsə, rəhbərlikdən təşəkkür və ya rəy almırsınızsa, bu narazılığı rəhbərlə paylaşmaq faydalı ola bilər. Amma bu cəhdlər nəticə vermirsə, yeni iş axtarışı artıq zərurətə çevrilir.

4. İşə qarşı motivasiyanız azalıb

Əgər artıq hər səhər işə getmək sizə çətin gəlirsə və gün ərzində məhsuldarlığınız aşağı düşürsə, daxildə bu işlə bağlı bir narahatlıq var deməkdir. Səbəblər çox ola bilər – yorğunluq, kollektivlə uyğunlaşa bilməmək və ya sadəcə iş həyat balansının pozulması.

Motivasiyasızlıq uzun müddət davam edirsə, bu, sizin həmin işə emosional bağlılığınızın artıq qalmadığını göstərə bilər. Bu isə dəyişiklik üçün güclü bir göstəricidir.

5. Şirkətdə yüksək işçi dövriyyəsi müşahidə olunur

Əgər kollektivdə tez-tez kadr dəyişiklikləri müşahidə edirsinizsə, bu, daxildə sistemli problemlərin olduğunu göstərə bilər. Belə mühitlərdə işçilər davamlı narahatlıq içində olur, bu da sizin sabitliyinizə təsir edir.

Bu vəziyyət şirkətin gələcəyi barədə də suallar doğurur. Əgər işçilər sıx dəyişilirsə, ya rəhbərlikdə, ya da idarəetmə sistemində problem var. Belə şirkətlərdə uzunmüddətli perspektiv planlamaq çətinləşir.

Sərvanə Rəmixanova

Chosen
47
valyuta.az

1Sources