Təkər təmiri sexinin qarşısında yol nişanı quraşdırılıb. Bu isə burada çalışan işçiləri çıxılmaz vəziyyətdə qoyub.
Təkər təmiri ilə məşğul olan usta Hafiz Əliyev "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, o deyir ki, dayanmanı qadağan edən nişan quraşdırılandan 1 ildir müştəriləri olmur. Nişanın tələbi budur ki, "Dayanma-durma qadağandır". Avtomobilin isə təkəri dayanıqlı vəziyyətdə təmir olunur və ya şinlərin hava balansı tənzimlənir.
Şikayətçi onu da bildirir ki, təkərini təmir etdiyi avtomobilə gələn cəriməyə görə müştəri ilə aralarında narazılıq da olub. Onun sözlərinə görə, özünün və qardaşının ailəsi məhz buradan əldə olunan gəlirlə dolanırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirib ki, Tovuz şəhərinin Musa Musayev küçəsində təhlükəsizlik məqsədilə yolun sağ kənarında "Dayanma-durma qadağandır" yol nişanı mövcuddur. Nəqliyyat vasitələri yalnız yolun sol tərəfində saxlaya bilərlər. Sürücülər hərəkətdə olarkən yol nişanlarının tələblərini riayət etməlidirlər. Necə deyərlər, qurumun açıqlamasından belə başa düşmək olur ki, nişan yox, sahibkar obyektinin yerini dəyişməyə məcburdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.