EN

İsrail İranı, İran isə ABŞ-ın obyektlərini vuracaq -Tramp hazırlığa başladı...


ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ Yaxın Şərqdə fəaliyyət üçün zəruri olmayan şəxslərin sayını azaldır. Bu açıqlama regionda artan təhlükəsizlik risqləri fonunda Bağdaddakı ABŞ səfirliyinin təcili təxliyəyə hazırlaşdığına dair məlumatların yayıldığı bir zamanda gəlib. ABŞ həmçinin Bəhreyn və Küveytdəki zəruri olmayan əməkdaşlara və onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verir və onların getmək və ya qalmaq seçimini tanıyır.

İraq Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ səfirliyinin əməkdaşlarının məhdud sayda çıxışını təsdiqləyib və qərarın regional gərginliklə bağlı mümkün təhlükəsizlik narahatlıqları əsasında verildiyini bildirib. Bu fonda ABŞ-ın NBC agentliyinin kəşfiyyat mənbələrinə istinadla dərc etdiyi məlumada bilirilir ki, İsrail yaxın günlərdə İrana hücum etməyi düşünür: “Amma ABŞ-ın bu addımı dəstəkləmək ehtimalı azdır, çünki Tehranla yeni nüvə sazişi ilə bağlı danışıqlar hələ də davam edir”. Vəziyyətlə tanış olan beş mənbəyə istinadla agentlik yazır ki, İsrail ABŞ və İranın nüvə proqramı ilə bağlı onun tələblərinə cavab verməyən razılaşmaya nail olmağa yaxın olduğuna inandığından, Tehranın nüvə infrastrukturuna zərbə endirmək variantını nəzərdən keçirir. Mənbələrə görə, onlar ABŞ-nin havadan yanacaqdoldurma və ya kəşfiyyat məlumatı mübadiləsi şəklində birbaşa və ya dolayı yolla İrana zərbə cəhdində İsrailə kömək etmək planlarından xəbərsizdirlər. Amma mənbələr ABŞ-ın həyəcan təbili çaldığını deyirlər. Amerikalı analitik Maykl Knayts hesab edir ki, ABŞ-ın Yaxın Şərq ölkələrindəki hərbi-diplomatik personalı İrana mümkün hücumdan xəbərdardır və buna hazırdır. “Reuters” agentliyi də yazır ki, İsrail İrana hücum ərəfəsindədir, bir neçə gün qalıb. Qeyd olunur ki, ABŞ-nin İraqdakı səfirliyi diplomatların təcili təxliyəsinə başlayır, Vaşinqton Küveytdən personalını çıxarmağa hazırlaşır. Böyük Britaniya bütün tankerlərə və digər gəmilərə Fars körfəzindən keçərkən hazır vəziyyətdə qalmaları barədə xəbərdarlıq edib. Daha əvvəl ABŞ-nin Yaxın Şərqdəki bütün bazalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilirib. ABŞ və İran arasında nüvə danışıqlarının dalana dirənməsi və 18 aydır Qəzzada davam edən müharibədən sonra regionda gərginliyin artması bunun daha geniş müharibəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırır. Danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ABŞ-nin tətbiq etdiyi bəzi iqtisadi sanksiyaların ləğv olunmasıdır. İran isə israrla nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir. İran tərəfi bəyan edib ki, ABŞ ilə danışıqların növbəti raundu iyunun 15-də Omanda keçiriləcək. İran ali dini lider Əli Xameneinin 100 faiz milli maraqlara zidd adlandırdığı, ABŞ-ın təklif etdiyi sazişi rədd etdikdən sonra onun əvəzində cavab təklifi üzərində işləyir. ABŞ mətbuatının ölkə rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Maskatda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək və İranın cavabını müzakirə edəcək.

ABŞ-ın hazırda İraq, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərində hərbi mövcudluğu var. “Reuters”in ABŞ rəsmisinə istinadən xəbər verir ki, ölkənin Qətərdəki səfirliyinin əməkdaşları və ya onların ailələri təxliyə oluna bilər. Prezident Donald Tramp zəruri olmayan əməkdaşlara getmək imkanı verilməsi barədə xəbərlərə cavab olaraq, insanların təhlükəli Yaxın Şərqdən köçürüldüyünü deyib: “Nə baş verəcəyini görəcəyik. Onların nüvə silahı ola bilməz”. Tramp bildirib ki, onun İranın nüvə proqramı ilə bağlı razılığa gələcəyinə olan inamı bir neçə ay öncəki vəziyyətə nisbətən xeyli azalıb. Bununla yanaşı, Tramp onu da vurğulayıb ki, Tehranın nüvə fəaliyyətlərini dayandırmasına nail olub-olmayacağını bilmir: “Bilmirəm. Əvvəl belə düşünürdüm, amma getdikcə bu barədə inamım daha da azalır. Görünür, onlar işi yubadırlar, bu utancvericidir. İndi bir neçə ay öncəkindən daha az inamlıyam. Onlara nəsə olub”. Tramp diplomatiya uğursuz olarsa, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatı istisna etməyib. ABŞ kəşfiyyatı isə danışıqların iflasa uğrayacağı təqdirdə İsrailin İranı vurmağa hazırlaşdığını deyir. İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, nüvə danışıqları uğursuz olarsa və Vaşinqtonla münaqişəyə başlayarsa, Tehran regiondakı ABŞ bazalarını vurmaqla cavab verəcək. İranın BMT-dəki nümayəndəliyi isə X platformasındakı paylaşımında qeyd edib ki, güc tətbiqi ilə bağlı təhdidlər faktları dəyişməyəcək: “İran nüvə silahı əldə etməyə çalışmır və ABŞ hərbi təcavüzkarlığı yalnız qeyri-sabitliyi artırır”. İran tərəfi bildirir ki, Amerikanın təklifinə əsasən, İrana müvəqqəti olaraq uranı mülki səviyyədə zənginləşdirməyə icazə verilə bilər. Daha sonra isə regional zənginləşdirmə konsorsiumu yaradılacaq və İran nüvə infrastrukturunu tədricən sökməyə məcbur ediləcək. İran bu təklifi “xəyalpərəst” və “bir tərəfli” adlandırıb. Bundan başqa, İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb: “İsrail rejimi tərəfindən İranın nüvə obyektlərinə ediləcək istənilən təcavüz halında, dərhal İsrailin gizli və bəyan edilməmiş nüvə obyektlərinə, eləcə də iqtisadi və hərbi infrastrukturuna zərbə endiriləcək”.

Nahid SALAYEV

Chosen
64
50
baki-xeber.com

10Sources