EN

Qərbi Azərbaycana qayıdış layihələri ilə bağlı erməni təxribatları...


Təbriz Musayev: “Ermənilər bu məsələdə daha çox gizli maneələr yaradırlar”

Azərbaycan QHT-ləri artıq bir ilə yaxındır ki, xaricdə Qərbi Azərbaycana qayıdış məsələlərinə həsr olunmuş və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən müxtəlif layihələr həyata keçirirlər. İndiyə qədər bu çərçivədə 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib.

QHT-lər beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb və s. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib.

Bizim üçün vacib olan məqam Qərbi Azərbaycana qayıdış mövzusunun təşviqi və bu məsələnin dünyada tanıdılmasıdır. Maraqlıdır, 50-dən artıq QHT-nin keçirdiyi bu tədbirlərə qarşı ermənilərin hər hansı hərəkətləri, mətbuat çıxışları, təxribatları, maneçilikləri olubmu? Ümumiyyətlə, buna ermənilər necə müqavimət göstərir? Ermənilər Qərbi Azərbaycana qayıdış mövzusunda keçirilən QHT layihələrinə qarşı necə mübarizə aparırlar və nə edirlər?

“Hansı ölkədə erməni lobbisi daha güclüdürsə, orada bu özünü daha çox göstərir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, ermənilər bu məsələdə daha çox gizli maneələr yaradırlar: “Niyə? Ona görə ki, ümumiyyətlə şanlı Vətən müharibəsindən sonra Qərbi Azərbaycan mövzusunun beynəlxalq tədbirlərdə gündəmə gəlməsi onlar üçün kabusa çevrilib. Xüsusən erməni lobbisi, erməni maraqlarını ifadə edən təşkilatlar Qərbi Azərbaycan kəlməsini şok içində qarşılayırlar. Bunu Ermənistanın gələcək varlığı üçün ciddi təhdid hesab edirlər. İlk vaxtlar bu kimi layihələri görməzdən gəlsələr də, artıq bundan narahat olduqlarını müxtəlif formalarda dilə gətirirlər. Ara-sıra rusdilli mətbuatda, yutub kanallarında gedən müzakirələrdən narahat olduqlarını bildirirlər. Açıq müstəvidə ona görə çox bu məsələni hallandırmırlar ki, Qərbi Azərbaycan mövzusunun daha çox reklam olunacağından ehtiyat edirlər. Biz bir məqamı heç vaxt unutmamalıyıq ki, ermənilər çox hiyləgərdilər. Hansı ölkədə erməni lobbisi daha güclüdürsə, orada bu özünü daha çox göstərir. Məsələn, İsveçrə Parlamenti Qarabağ ermənilərinin geri qayıtmasını istəsə də, Qərbi Azərbaycandan olan azərbaycanlıların geri qayıdışına qarşı çıxır. Digər bir misal, bir il əvvəl Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç regiona səfəri zamanı Qərbi Azərbaycan İcmasını ziyarət edib, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib. Ancaq Miyatoviç geri qayıdandan sonra regiona səfəri ilə bağlı mətbuat konfransı keçirsə də, Qərbi Azərbaycan İcması ilə keçirdiyi görüşlə bağlı bir kəlmə də demədi. Çünki erməni lobbisi öz əlaqələri hesabına buna imkan vermədi. Bizim bilmədiyimiz digər məsələlər də var. Deməyim odur ki, Qərbi Azərbaycana qayıdış mövzusu ilə bağlı beynəlxalq müstəvidə hələ görüləsi işlər çoxdur. Bu tədbirlərin effektivliyi artırılmalıdır”.

Vidadi ORDAHALLI

Chosen
18
baki-xeber.com

1Sources