EN

Məleykə Abbaszadə suallar barədə iradlara yeni izah tapdı - görək reaksiyalar necə oldu?


Kamran Əsədov: “Sualların tədris proqramına uyğun olub-olmaması məsələsi sadəcə texniki yox, həm də pedaqoji və psixoloji aspektlərdən analiz edilməlidir”

“Abituriyentlər yox, daha çox kurs rəhbərləri və bəzi müəllimlər imtahan suallarının tədris proqramına uyğun olmamasına dair fikirlər səsləndirirlər”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışında deyib. O qeyd edib ki, onlar tədris proqramı və kurikulumla tam tanış deyillər:

“Tədris proqramı dedikdə, mövcud dərsliklər və təsdiqlənmiş kurikulum nəzərdə tutulur. Bizim hazırladığımız imtahan sualları da məhz bu baza əsasında formalaşır. Heç bir sual tədris proqramından kənar verilmir”.

Maraqlıdır, imtahanda tədris proqramından kənar suallar verilir?

“Sualların təkcə tədris proqramına deyil, həm də şagirdin tətbiq, analiz, qiymətləndirmə kimi bacarıqlarına əsaslanması müasir təhsil meyarlarına daha uyğun olar”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məzmunu ictimai müzakirələrin əsas predmetinə çevrilib. Xüsusilə də 2025-ci ilin imtahan sessiyasında sualların tədris proqramından kənar olub-olmaması ilə bağlı narazılıqların artması bu sahədə ciddi təhlil aparmağı zəruri edir: “Məlumdur ki, imtahanın məzmunu yalnız abituriyentlərin deyil, eyni zamanda onların valideynləri, repetitorlar və kurs rəhbərləri üçün də maraq doğurur. Lakin DİM-in sədri Məleykə Abbaszadənin son açıqlamasında qeyd olunub ki, bu narazılıqları əsasən kurs rəhbərləri və bəzi müəllimlər səsləndirir, abituriyentlər isə bu iddialarla çıxış etmirlər. Bu fakt özü də məsələni təhsilin tədris və qiymətləndirmə aspektləri baxımından obyektiv şəkildə təhlil etməyə imkan verir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsinə əsasən, dövlət ümumi təhsil standartları və tədris proqramları (kurikulumlar) əsasında tədris prosesi təşkil olunmalı, bu sənədlər dövlət tərəfindən təsdiqlənməlidir. Dövlət İmtahan Mərkəzi isə tədris proqramlarının məzmununa uyğun test bankları hazırlamalı və qiymətləndirmə bu çərçivədə aparılmalıdır. DİM-in rəsmi mövqeyinə görə, istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında təqdim olunan bütün suallar məhz Təhsil Nazirliyinin təsdiqlədiyi dərslik və kurikulumlara uyğun tərtib edilir. Bu isə hüquqi baxımdan DİM-in təqdim etdiyi sualların tədris proqramından kənar olmadığını təsdiqləyən əsas arqumentdir. Lakin burada mühüm bir məsələ diqqətdən yayınmamalıdır: dərsliklərin keyfiyyəti və kurikulumun konkretliyi. Təhlillər göstərir ki, Azərbaycan məktəblərində istifadə olunan bəzi dərsliklər, xüsusilə tarix, coğrafiya və riyaziyyat dərslikləri elmi dərinlik və şagirdə uyğun təqdimat baxımından problemli ola bilər. Bu zaman müəllim və şagird müəyyən mövzuları səthi və ya fərqli formada anlayır. İmtahanda isə həmin mövzuya dair verilmiş sual şagirdə “kənar” kimi görünə bilər. Məsələn, 2023-cü ilin qəbul imtahanında tarix fənnindən verilmiş bir sual dərslikdə dolayısı ilə qeyd olunduğu üçün bir çox abituriyent onu başa düşə bilməmişdi. Halbuki, DİM sübut etmişdi ki, bu informasiya dərslikdə konkret cümlə ilə deyil, ümumi kontekstdə var. Dünya təcrübəsində isə bu cür situasiyalara fərqli yanaşılır. Məsələn, Finlandiya və Estoniya kimi yüksək nəticələr göstərən ölkələrdə imtahan sistemləri daha çox təfəkkür, analiz və tətbiqetmə bacarıqlarına əsaslanır. Orada testlər konkret dərsliklərə deyil, ümumi fənn üzrə öyrənmə nəticələrinə əsaslanır. Bu isə müəllimə və şagirdə daha geniş düşünmək imkanı verir. ABŞ-da isə SAT və ACT kimi qəbul imtahanları konkret məktəb dərsliyindən asılı olmadan, ümumi təhsil standartları əsasında aparılır. Bu da həmin imtahanların proqramdan kənar olmadığını göstərir, amma konkret hansı səhifədən sual verildiyini izah etmək praktikası yoxdur. DİM isə sualın “mənşəyini” izah etməklə daha şəffaf görünmək istəyir. 2024-cü ildə keçirilən imtahanların 81%-ində DİM sualın hansı dərsliyin hansı səhifəsində olduğunu izah etmişdi. Bu cür izahlı yanaşma beynəlxalq təcrübədə nadir hallarda tətbiq olunur və tələbə-hakimiyyət arasında etimadı artırmağa xidmət edir. Bununla belə, imtahanlarda rast gəlinən texniki və məntiqi səhvlər, sualın düzgün qurulmaması halları isə problemi sadəcə kurikulum çərçivəsində deyil, ümumilikdə sual hazırlama prosesində axtarmağı tələb edir. 2022 və 2023-cü illərdə DİM riyaziyyat və kimya fənləri üzrə texniki səhvə görə azı 3 sualı ləğv etmişdi və bu hallar ictimai etimadı zədələmişdi. Bu cür halların baş verməsi bir daha göstərir ki, sadəcə “tədris proqramına uyğundur” deməklə məsuliyyətdən yayınmaq olmaz”.

Ekspertin sözlərinə görə, imtahan sistemində şəffaflığın artırılması, sual hazırlayanların və ekspertlərin ictimaiyyətə tanıdılması və sualların hazırlanmasında müəllimlərin iştirak səviyyəsinin artırılması zəruridir. DİM-in 2024-cü il hesabatında göstərilir ki, sual ekspertlərinin yalnız 24%-i məktəbdə dərs deyən müəllimlərdir. Bu, tədris prosesindən kənar mütəxəssislərin imtahanı formalaşdırmasından xəbər verir və nəticədə real dərs prosesindən uzaqlaşma yaradır: “Əgər bu proses olduğu kimi davam edərsə, müəllim və abituriyent arasında proqram üzrə ümumi anlaşma pozular, müəllimlər imtahanın istiqamətini əvvəlcədən proqnozlaşdıra bilməz və nəticədə şagirdlərin motivasiyası azalır. Eyni zamanda, repetitorluğun artmasına və standart dərslərin etibarsızlaşmasına səbəb olur. Hazırda Azərbaycanda abituriyentlərin 83%-i imtahana hazırlığı məktəbdənkənar təhsil müəssisələrində və ya repetitor yanına getməklə həyata keçirir ki, bu da dövlət təhsilinin keyfiyyətinə dolayısı iləetimadsızlığı göstərir. Əgər bu sistemdə islahat aparılarsa, yəni tədris proqramları daha konkret, dərsliklər daha aydın və suallar daha məqsədli hazırlanarsa, bu zaman abituriyentlərin məktəbə etibarı artar, repetitor asılılığı azalır və imtahan prosesi daha obyektiv olar. Sualların təkcə tədris proqramına deyil, həm də şagirdin tətbiq, analiz, qiymətləndirmə kimi bacarıqlarına əsaslanması müasir təhsil meyarlarına daha uyğun olar. Bu isə PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə testlərində də Azərbaycanın göstəricilərini yüksəldə bilər. Yekunda, sualların tədris proqramına uyğun olub-olmaması məsələsi sadəcə texniki yox, həm də pedaqoji və psixoloji aspektlərdən analiz edilməlidir. DİM-in bəyanatı hüquqi baxımdan doğrudur, lakin pedaqoji baxımdan bu kifayət etmir. Əsas məsələ sualın şagirdin anlayacağı şəkildə hazırlığıdır və bu da yalnız kitab səhifəsini göstərməklə deyil, sistemli tədris, aydın material və şəffaf qiymətləndirmə ilə mümkündür”.

Günel CƏLİLOVA

Chosen
52
baki-xeber.com

1Sources