
İsrailin Baş naziri Binyamin Netanyahu İranın nüvə proqramına qarşı yönəlmiş “Aslan Milləti” (Am Kelavi) əməliyyatının başladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bu hərəkətləri “qabaqlayıcı zərbə” adlandırıb və həmvətənlərinə Tehrandan mümkün cavab hücumu təhlükəsi barədə xəbərdarlıq edib.
İran mediasının məlumatına görə, paytaxt da daxil olmaqla, ölkənin bir sıra şəhərlərində partlayış səsləri eşidilib.
“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, zərbələrin mümkün qurbanları arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri də var. İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyin Salami də öldürülüb.
“İranın İsrailin sağ qalması üçün yaratdığı təhlükəni aradan qaldırmaq üçün hədəflənmiş hərbi əməliyyat olan “Aslan Milləti” əməliyyatına indicə başlayıb. Bu əməliyyat lazım olduğu qədər davam edəcək”, - deyən Netanyahu zərbələrin əsas məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib.
“Biz İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduq, İranın nüvə silahı proqramının ürəyinə zərbə vurduq, İranın Natanzdakı əsas zənginləşdirmə obyektinə hücum etdik, İranın bombası üzərində işləyən ən yaxşı nüvə fiziklərinə hücum etdik, İranın raket proqramının ürəyinə zərbə vurduq”, - deyə Netanyahu qeyd edib.
İsrail ordusunun sözçüsü Efi Defrin, onlarla təyyarənin iştirak etdiyi əməliyyatın birinci mərhələsinin tamamlandığını bildirib və əlavə edib ki, İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla onlarla hərbi obyektə zərbələr endirilib.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin sözlərinə görə, İranın cavab hücumu olacağı təqdirdə İsrailin gözlənilən itkiləri həmişəkindən daha çox olacaq.
İsrailin Nəqliyyat Nazirliyi ölkənin hava məkanını bağladığını açıqlayıb.
“Fars” xəbər agentliyinin məlumatına görə, İranın paytaxtında ən azı altı partlayış səsi eşidilib. “Əl-Masirah” telekanalının məlumatına görə, İranın Natanz, Xürrəmabad və Həmədan şəhərləri vurulub. Öz növbəsində, “Al Mayadeen” telekanalı İsrailin hücumunun Natanzdakı nüvə obyektinə edildiyini bildirib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, hücumlar Tehranın şimal-şərqində hərbi məmurların məskunlaşması ilə tanınan Mahallati məhəlləsini hədəf alıb. “The New York Times” İran rəsmilərinə istinadən yazıb ki, İslam Respublikasının hərbi komandanlığı üçün yüksək mühafizə olunan iki kompleksdəki yaşayış binaları da vurulub.
İran da hava məkanını bağlayıb.
ABŞ dövlət katibi Marko Rubio deyib ki, İsrail əməliyyat barədə ABŞ səlahiyyətlilərini xəbərdar edib, yəhudi dövləti bu hərəkətlərin onun müdafiəsi üçün zəruri olduğunu bəyan edib.
O vurğulayıb ki, İsrail əməliyyatı ABŞ-nin iştirakı olmadan həyata keçirilir.
“Biz İrana zərbələrdə iştirak etməmişik və bizim əsas məqsədimiz regiondakı Amerika qüvvələrini qorumaqdır”, - dövlət katibi qeyd edib.
Rubio, həmçinin Tehrana xəbərdarlıq da edib:
“İran Amerikanın maraqlarına və şəxsi heyətinə qarşı addım atmamalıdır”.