Dünyanın ən nadir və bahalı qida məhsulları sırasında yer alan "Black Ivory Coffee" Taylandda istehsal olunur və qiyməti ilə seçilən lüks qəhvə bazarında özünəməxsus yer tutur.
Valyuta.az xəbər verir ki, fermentasiya prosesi fillərin həzm sistemində baş verdiyi üçün bu qəhvə həm təbiiliyi, həm də istehsal məhdudiyyəti ilə premium seqmentdə fərqlənir.
Hazırda "Black Ivory Coffee" rəsmi mənbəyə görə 1 kiloqram üçün 3 000 ABŞ dolları (5 100 manat) qiymətində təklif olunur. Bəzi qlobal bazarlarda bu göstərici 2 000–2 700 ABŞ dolları (3 400-4 590 manat) aralığında dəyişir. Lüks otellərdə bir fincan bu qəhvənin təqdimat qiyməti 50–70 dollar (85-119 manat) civarındadır. Məhsulun illik istehsal həcmi isə təxminən 150 kiloqram təşkil edir ki, bu da onun yüksək qiymətinə əsas verən əsas iqtisadi faktorlardan biridir.
İstehsal prosesi qeyri-ənənəvi metodologiyaya əsaslanır. Arabica sortuna aid qəhvə gilələri fillərə yedirilir və onların həzm sistemində fermentasiyaya məruz qalır. Fermentasiyadan sonra çıxarılan gilələr əl ilə yığılır, təmizlənir, günəşdə qurudulur və qovrularaq satışa hazırlanır. 1 kiloqram hazır məhsul üçün təqribən 33 kiloqram xam gilə tələb olunur ki, bu da istehsalın səmərəliliyini azaldaraq qiymətə təzyiq yaradır.
Mayya Hüseynova