EN

“Türk Əsri: parlament diplomatiyasının rolu”

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astanada TÜRKPA-nın bu mövzuda 14-cü plenar iclası keçirilib

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.

Sahibə Qafarova iclasda hesabat verib

Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində sıx əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri də, Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.

Yarandığı vaxtdan təşkilatın üzv ölkələrdə davamlı olaraq tədbirləri keçirilir və müvafiq qərarlar qəbul olunur. Yeri gəlmişkən, iyunun 12-də  Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılan fikir mübadiləsinin, qəbul olunan qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını bildirib.

O, Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. S.Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb. TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu deyən Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat, həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.

TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

S.Qafarova deyib ki, Milli Məclisin quruma sədrliyi 13-cü Şura iclası zamanı qəbul edilən Fəaliyyət Planı əsasında həyata keçirilib. Ötən dövrdə daimi komissiyaların iclasları Fəaliyyət Planına uyğun olaraq müntəzəm şəkildə keçirilib, üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması istiqamətində fəaliyyət davam etdirilib. Vahid hüquqi məkanın formalaşması prosesinin önəmli aspekti olan model qanunların hazırlanması istiqamətində fəaliyyət böyük səylə davam etdirilib. O cümlədən, seçki və referendumların müşahidəsi işi uğurla həyata keçirilib ki, bu da üzv ölkələrin dövlət strukturları ilə Assambleya arasında əməkdaşlığın güclənməsinə, üzv ölkələrdə demokratik seçki ənənələrinin daha da inkişafına töhfə verir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Hesabatda, həmçinin ölkələrimizdə qadınların və gənclərin rolunun artırılması, üzv parlamentlərimizin qadın və gənc təmsilçiləri arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işi əhəmiyyətli qiymətləndirilib və bu sahədə keçirilən tədbirlər təqdir edilib. TÜRKPA çərçivəsində ayrı-ayrı parlament komitələrinin çoxtərəfli əməkdaşlığı və dialoqu da ümumi işimizə mühüm töhfə kimi qiymətləndirilib.

Sonra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib, həmçinin təşkilata sədrlik Qazaxıstana keçib.

TÜRKPA-nın yeni Baş katibi seçilib

Qeyd edək ki, həmin gün Astana şəhərində TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası da keçirilib. Tədbirdə üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. O deyib ki, türk xalqlarının yeni yüksəlişinin yolu birlik və həmrəylikdən keçir. “Azərbaycan parlamenti TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyətə bundan sonra da ümdə əhəmiyyət verəcək”,-deyə spiker vurğulayıb.

İclas çərçivəsində əsas diqqət parlamentlərarası əməkdaşlıq məsələlərinə və türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönələcək. Məqsəd birgə işin səmərəliliyini artırmaq və regionda strateji tərəfdaşlığın inkişafına töhfə verməkdir.

İclasda təşkilati məsələlərə də baxılıb və  Azərbaycan parlamentinin spikeri S.Qafarova TÜRKPA-nın Baş katibi vəzifəsinə Ramil Həsənin namizədliyini irəli sürüb. Səsvermə nəticəsində R.Həsən bu vəzifəyə seçilib. Toplantıda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Astana Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdış hüququ dəstəklənib

TÜRKPA-nın 14-cü plenar iclasın nəticəsi olaraq Astana Bəyannaməsi qəbul olunub. Sənəddə indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların taleyi ilə bağlı dərin narahatlıq ifadə olunur, onların doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ da dəstəklənir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşüb. O, ölkəsinin Türk Dövlətləri Təşkilatının təsisçilərindən biri olduğuna diqqət çəkib. Qazaxıstan Prezidenti qeyd edib ki, Astanada TÜRKPA toplantısının “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda keçirilməsi təşəbbüsünü tam dəstəkləyir. Onun sözlərinə görə, müasir çağırışlar kontekstində qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusilə vacibdir: “Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə, xalq diplomatiyasına xüsusi əhəmiyyət verir. Qeyd etmək olar ki, Türk Dövlətləri Parlament Assambleyası mötəbər beynəlxalq təşkilatdır və əməkdaşlığımızı dərinləşdirməyə imkan verən unikal strukturdur. Təşkilat çərçivəsində birgə fəaliyyətiniz böyük əhəmiyyətə malikdir”. Kasım-Jomart Tokayevin fikrincə, bu görüş ümumi məqsədləri, türk dünyası ölkələrinin birliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini bir daha əyani şəkildə nümayiş etdirir.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
1
yeniazerbaycan.com

2Sources