BAKI, TurkicWorld
Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı hərbi hücumlarını sərt tənqid edib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi açıq hərbi hücumları kəskin şəkildə qınayıb.
Krallığın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bu addımların İranın suverenliyinə və təhlükəsizliyinə təhdid olduğu, beynəlxalq hüquq və normalara zidd hərəkət kimi qiymətləndirildiyi bildirilib.
“Səudiyyə Krallığı, İran İslam Respublikasının suverenliyinə və təhlükəsizliyinə açıq şəkildə toxunan, beynəlxalq qanunlara və beynəlxalq münasibətlər normalarına zidd olan bu hücumları qəti şəkildə pisləyir və şiddətlə qınayır”, – deyə bəyanatda vurğulanıb.
Bəyanatda əlavə olunub ki, bu cür hərbi təxribatlar bölgədə gərginliyi artırır və beynəlxalq ictimaiyyətin, xüsusən də BMT Təhlükəsizlik Şurasının dərhal müdaxiləsini tələb edir.
“Krallıq hesab edir ki, beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurası bu hücumu dərhal dayandırmaq üçün məsuliyyət daşıyır.” - deyə qeyd edilib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bu günlərdə ölkəsinin İranın nüvə və raket infrastrukturuna qarşı “Yüksələn Şir” adlı əməliyyata başladığını açıqlayıb. Netanyahu bu hücumların İranın nüvə təhlükəsi tam aradan qaldırılanadək davam edəcəyini bildirib. İran tərəfi isə hücumlara qarşı cavab tədbirləri görüləcəyini bəyan edib.