İsrail istəsəydi Əli Xameneyini də bu gecə öldürə bilərdi. Böyük ehtimalla İsraili bu addımı atmaqdan ABŞ çəkindirib. Rubionun “İrana hücumda biz iştirak etməmişik” bəyanatı da bu ehtimalı yüksəldir. Görünür, ABŞ eskalasiyada maraqlı deyil.
Tramp da sələfi Baydenin yolunu gedib “Netanyahu dəlidir, sən ona qoşulma” taktikasıyla İranı sakitləşdirməyə ümid edir. Tramp administrasiyası düşünür ki, “Haniyə əməliyyatı”ndakı kimi İrana teatr tamaşası göstərməyə icazə verməklə məsələni yoluna qoymaq mümkündür.
ABŞ-nin hesablamalarına görə Xameneyi rejimi İsrailin zərbələrinin təsiri altında növbəti nüvə danışıqlarında kapitulyasiya aktına imza atacaq və beləliklə, İran problemi böyük müharibə olmadan həll ediləcək.
Proseslər yuxarıdakı ssenari üzrə getməsə, İran İsrailə real cavab zərbələri endirəsi olsa, böyük ehtimalla növbəti mərhələdə İsrail Əli Xameneyini öldürəcək. Proses böyük müharibəyə qədər inkişaf edəcək.
Rusiya İran məsələsində çox çətin durumdadır. Bir yandan İran-ABŞ/İsrail müharibəsinin başlaması Rusiyanın marağına cavab verir. Bu halda ABŞ-nin diqqəti Ukraynadan Orta Şərqə yönələcək, digər yandan isə müttəfiqi İranı dəstəkləmək məcburiyyəti yaranacaq ki, bu halda da Rusiya birbaşa ABŞ-lə müharibəyə girmiş olacaq. Putin isə Trampla münasibətləri korlamaq istəmir. Mümkündür ki, Rusiya İranı birbaşa yox, proksi qüvvələri vasitəsiylə ABŞ/İsraillə müharibəyə həvəsləndirəcək.