Rusiyanın Almaniya ilə ticarəti ötən il Sovet İttifaqı dağılandan bəri ən aşağı səviyyəyə düşüb. Almaniyanın Rusiyadan idxalı xüsusi hərbi əməliyyatdan əvvəlki dövrlə müqayisədə 94,6 faiz azalaraq 1,8 milyard avroya enib. Eyni dövrdə Almaniyanın Rusiyaya ixracı 71,6 faiz azalaraq 7,6 milyard avro səviyyəsində qərarlaşıb.
Hafta.az-ın yazdığına görə, bu çöküşlə Rusiya Almaniyanın 12-ci ən böyük tədarükçüsündən 59-cu yerə, idxalda payı isə 2,8 faizdən 0,1 faizə düşüb.
Alman Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, Almaniyanın Rusiyadan idxalı 1993-cü ildəki 5,48 milyard avro səviyyəsinin üçdə birinə qədər azalıb.
Təkcə 2025-ci ilin aprel ayında idxal keçən ilin eyni ayı ilə müqayisədə 22,6 faiz azalaraq cəmi 100 milyon avro təşkil edib.
Almaniyanın Rusiyaya ixracı hələ də 1993-cü il səviyyəsindən bir qədər yuxarı olsa da, apreldə 9,3 faiz azalaraq cəmi 600 milyon dollara (təxminən 550 milyon avro) düşüb.
Ticarət həcmindəki bu çöküşün əsas səbəbi sanksiyalardır. Almaniya 2021-ci ildə Rusiyadan 19,5 milyard avro dəyərində xam neft və təbii qaz idxal edib ki, bu da ümumi idxalın 58,8 faizini təşkil edib. Lakin 17 sanksiya paketindən sonra Almaniya enerji idxalını tamamilə dayandırıb. Yalnız az miqdarda metallar, kimyəvi maddələr və bəzi kənd təsərrüfatı məhsulları qalıb.
Digər tərəfdən, Almaniya hələ də Rusiyaya dərman, kimya məhsulları və sənaye avadanlıqlarını məhdud miqdarda ixrac edir. Bu asimmetrik vəziyyət Almaniyaya 1993-cü ildən bəri 2024-cü ildə ən böyük ticarət profisiti ilə təmin olunub.