Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik bu gecə tarixi bir dönüm nöqtəsinə çatdı. İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İranın hərbi və siyasi rəhbərliyinə ağır zərbə dəyib. Hücum zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) nüfuzlu komandirləri — general Hüseyn Səlami və general Qulaməli Rəşid, eləcə də İranın ali dini lideri Ayətullah Əli Xameneinin yaxın çevrəsinə daxil olan baş müşaviri Əli Şamxani həlak olublar.
Bu hadisə regionda onsuz da kövrək olan sabitliyi daha da sarsıdaraq, həm Tehranda, həm də beynəlxalq ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Məlumata görə, hücum dəqiqliklə planlaşdırılmış və əsas hədəf İranın strateji qərarverici şəxsləri olub. Hadisənin miqyası və nəticələri, habelə Tehranın buna verəcəyi cavab növbəti günlərdə regionda siyasi və hərbi dinamikanı ciddi şəkildə dəyişə bilər.
Bəs İran əks-hücuma keçəcəkmi?
Məsələ ilə bağlı politoloq Taleh Əliyev bildirib ki, İranla İsrail arasında hərbi toqquşmanın baş verəcəyi artıq bir müddətdir gözlənilən idi və bu gecə baş verənlər yeni mərhələnin başlanğıcıdır:
“Bir neçə dəfə buna cəhd olunmuşdu, lakin baş tutmamışdı. Bu gecə İsrail tərəfinin İranda həyata keçirdiyi əməliyyatlar onu göstərir ki, bu bir gecəlik əməliyyatla yekunlaşmayacaq. Çünki İran tərəfinin xeyli sayda yüksəkrütbəli dövlət rəsmilərinin öz evində qətlə yetirilməsi böyük zərbədir. İran cavab zərbələrinə hər an başlaya bilər, bu qaçılmazdır".
Politoloq hesab edir ki, baş verən hadisələr artıq Yaxın Şərqdə böyük müharibənin təməlini qoyur:
“Təəssüflər olsun ki, baş verən hadisələr daha geniş bir müharibəyə çevrilə bilər. Çevrilməsə belə, bu daha böyük müharibəni yaxınlaşdırır. Gecə baş verənlər artıq yeni müharibənin anonsu yox, onun ilkin başlanğıcıdır”.
Taleh Əliyev əlavə edib ki, bu hücumun nəticələri təkcə İran və İsraillə məhdudlaşmayacaq. Münaqişəyə regionun digər güclərinin də cəlb olunması ehtimalı var. Xüsusilə ABŞ, Rusiya və digər böyük dövlətlərin prosesə reaksiyası Yaxın Şərqdəki vəziyyətin taleyini müəyyən edə bilər.
Aqil Qarayev