Bakı, 13 iyun, AZƏRTAC
Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir. “Hazırda ölkəmizin onkologiya sahəsində elmi potensialının böyük bir qisminin cəmləşdiyi Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Son illərdə Milli Onkologiya Mərkəzi beynəlxalq əlaqələri daha da genişləndirir, bugünkü tədbir bunun bariz nümunəsidir”, - deyə T. Musayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir. “Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkəmizdə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”, - deyə nazir vurğulayıb.