EN

15 İyun Milli Qurtuluş Günü: Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının müstəqillik tarixində bir çox dönüş nöqtələri mövcuddur ki, onların sırasında 15 İyun 1993-cü il xüsusi önəm daşıyır. Bu tarix yalnız bir siyasi liderin hakimiyyətə qayıdışı ilə deyil, bütövlükdə dövlətin siyasi dağılmadan, vətəndaş qarşıdurmasından və institusional böhrandan xilas olması ilə assosiasiya olunur. 15 İyun – Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının öz dövlətçiliyinə sahib çıxmasının, milli iradənin formalaşmasının və dövlət institutlarının bərpasının simvolu kimi qəbul edilir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikası formal olaraq müstəqilliyini bərpa etsə də, ölkə keçid dövrünün klassik təzahürlərini yaşamağa başladı. Bu mərhələdə siyasi strukturlar zəif, idarəetmə mexanizmləri qeyri-effektiv, hüquqi baza isə yetərsiz idi. Ermənistanla davam edən hərbi münaqişə, separatçı qüvvələrin fəallaşması, daxili siyasi qütbləşmə və hakimiyyət uğrunda mübarizə Azərbaycanın dövlətçiliyini real parçalanma təhlükəsi ilə üz-üzə qoyurdu. Siyasi elitanın yetərli idarəetmə təcrübəsinə malik olmaması və legitim liderlik boşluğu ölkədə sistemli qeyri-sabitliyin dərinləşməsinə səbəb oldu.

Belə bir mürəkkəb və təhlükəli şəraitdə Azərbaycan cəmiyyətinin və siyasi dairələrinin əsas hissəsi ölkəni xilas edəcək, təcrübəli və güclü liderin hakimiyyətə qayıdışına ehtiyac duyurdu. Bu tələbin təbii nəticəsi olaraq, uzun illər dövlət idarəçiliyində müstəsna rol oynamış, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və xalq arasında böyük nüfuza malik olan dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya dəvət olundu. Onun 15 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ölkənin sonrakı taleyində əsaslı dönüş nöqtəsinə çevrildi və bu hadisə “Milli Qurtuluş” anlayışı ilə öz siyasi və ideoloji ifadəsini tapdı.

Bu tarixi hadisə yalnız keçmişin müzakirəsi üçün deyil, eyni zamanda müasir dövrümüz üçün də mühüm dərslər ehtiva edir. Çünki 15 İyun hadisəsi həm də siyasi sabitliyin, konstitusional idarəçiliyin və strateji dövlətçilik fəlsəfəsinin formalaşmasına aparan yolu açdı.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etsə də, bu hadisə ölkə üçün həm siyasi, həm də iqtisadi baxımdan mürəkkəb bir keçid mərhələsinin başlanğıcını qoydu. Müstəqillik qazanmış bir çox postsovet ölkələri kimi Azərbaycan da keçid dövrünün yaratdığı çoxşaxəli çətinliklərlə qarşılaşdı. Yeni yaranmış siyasi sistemdə dövlət institutları kifayət qədər formalaşmamış, hüquqi və inzibati baza zəif, vətəndaş cəmiyyəti isə institusional baxımdan yetərsiz idi. Bu şəraitdə siyasi elitanın idarəetmə təcrübəsinin olmaması, daxili rəqabətin nəzarətsiz və dağıdıcı xarakter daşıması, eyni zamanda Ermənistanla aparılan və genişmiqyaslı hərbi münaqişəyə çevrilən Qarabağ problemi Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaratdı. Qarabağ münaqişəsi nəticəsində yaranmış hibrid təhlükəsizlik böhranı ölkənin hərbi, siyasi və diplomatik cəbhələrdə eyni anda zəifləməsinə gətirib çıxardı.

Eyni zamanda, regional separatçılıq meylləri və silahlı qrupların müstəqil hərəkət etməsi mərkəzi hakimiyyətin dövlət ərazisində nəzarət imkanlarını məhdudlaşdırdı. Bu vəziyyət Azərbaycanı sistemli dezintegrasiya riski ilə qarşı-qarşıya qoydu. 1992–1993-cü illərdə baş verən hakimiyyət dəyişikliyi, ölkə rəhbərliyində təcrübəsizlik və ardıcıl siyasi böhranlar dövlət idarəçiliyində xaosun yaranmasına səbəb oldu. Siyasi legitimliyin zəiflədiyi, icra strukturlarının parçalandığı və sosial narazılığın artdığı bu dövrdə ölkədə faktiki siyasi anarxiya hökm sürürdü.

Xüsusilə 1993-cü ilin yaz və yay aylarında baş verən silahlı qarşıdurmalar, o cümlədən Gəncə hadisələri və bəzi hərbi birləşmələrin mərkəzi hakimiyyətə qarşı çıxması, artıq dövlət çevrilişi təhlükəsini reallaşdırmağa yaxınlaşdırdı. Silahlı qrupların Bakıya yürüşü Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirib çıxardı. Məhz belə bir tarixi mərhələdə ölkə dərin siyasi böhrandan çıxış yolu axtarırdı və xalq arasında ciddi nüfuza malik olan, yüksək idarəçilik təcrübəsinə sahib liderin – xalqın xilaskarı Heydər Əliyevin siyasi səhnəyə qayıdışı qaçılmaz zərurət kimi gündəmə gəldi. Onun rəhbərliyə qayıdışı yalnız siyasi stabillik deyil, həm də dövlətin dağılmaqdan xilas olunması və milli suverenliyin qorunması baxımından həlledici faktor oldu.

1993-cü ilin iyun ayında Azərbaycanın dövlətçiliyini təhdid edən təhlükələr pik nöqtəyə çatmışdı. Daxildə idarəolunmaz siyasi böhran hökm sürür, hüquq-mühafizə və təhlükəsizlik orqanları funksional müstəqilliyini itirmiş, dövlət aparatının strateji qərarlar qəbul etmə qabiliyyəti ciddi şəkildə zəifləmişdi. Belə bir şəraitdə ölkənin gələcək mövcudluğu artıq sual altına düşmüşdü. Mövcud vəziyyətdən çıxış yalnız cəmiyyətin etimad etdiyi, güclü siyasi liderlik qabiliyyətinə malik bir şəxsiyyətin hakimiyyətə gəlməsi ilə mümkün görünürdü. Tarixi təcrübə sübut edir ki, milli böhran dövrlərində lider amili həlledici rol oynayır. Azərbaycan üçün həmin şəxsiyyət, siyasi uzaqgörənliyi və idarəetmə təcrübəsi ilə seçilən Ümummilli lider Heydər Əliyev idi. Xalqın və siyasi elitanın təkidli çağırışları nəticəsində Azərbaycanın milli lideri Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya dəvət olundu və 15 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Bu qərar hüquqi baxımdan parlament seçkisi aktı kimi çıxış etsə də, faktiki olaraq ölkənin siyasi kursunda fundamental dönüş nöqtəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycanda siyasi reabilitasiya prosesi başladı. Bu proses yalnız idarəetmənin bərpası deyil, eyni zamanda milli dövlətçiliyin əsaslarının yenidən qurulması ilə xarakterizə olunurdu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ilk mərhələdə siyasi sabitliyin təmin olunması prioritet elan edildi. Qısa müddət ərzində silahlı dəstələrin ləğvi, qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və mərkəzi hakimiyyətin nəzarətinin bərpası həyata keçirildi. Eyni zamanda dövlət aparatında kadr islahatları aparıldı, idarəçilik sisteminə iyerarxik nizam-intizam qaydaları qaytarıldı. Bu tədbirlər institusional konsolidasiyanın başlanğıcını qoydu və Azərbaycan dövlətçiliyinin dağılmasının qarşısı alındı. Siyasi sabitliyin bərpası fonunda iqtisadi sahədə də ilk strateji təşəbbüslər irəli sürüldü. Neft strategiyası çərçivəsində xarici sərmayələrin cəlbi, enerji resurslarının transmilli bazarlara çıxarılması və Azərbaycanın regional geosiyasi əhəmiyyətinin artırılması istiqamətində məqsədyönlü fəaliyyətə start verildi. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji bazarlarına çıxışını təmin etməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirən əsas addımlardan biri oldu. Bu layihə təkcə iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da mühüm nəticələr verdi – Azərbaycan regionda sabitlik adasına çevrildi və beynəlxalq subyekt kimi tanındı.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qurtuluşun siyasi simvolu Heydər Əliyevin siyasi fəlsəfəsi milli maraqların müdafiəsinə, suverenlik prinsipinin qorunmasına və xalqla dövlət arasında qarşılıqlı etimada əsaslanırdı. Onun rəhbərliyi altında qəbul edilən siyasi qərarlar hüquqi legitimliyi təmin edən normativ baza yaratdı və konstitusional dövlət idarəçiliyinin əsaslarını möhkəmləndirdi. Bu proses nəticəsində 1995-ci ildə yeni Konstitusiya qəbul edildi və demokratik hüquqi dövlət quruculuğunun təməlləri atıldı. Beləliklə, Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin qayıdışı Azərbaycan Respublikasının dövlətçiliyinin və siyasi suverenliyinin qorunmasında həlledici rol oynamaqla yanaşı, ölkənin sabit və davamlı inkişaf trayektoriyasına daxil olmasına imkan yaratdı. Bu, eyni zamanda Azərbaycanın müasir dövlətçilik tarixində liderlik institutu və siyasi legitimlik anlayışının real təcəssümünə çevrildi.

1993-cü il hadisələri təkcə siyasi hakimiyyətin dəyişməsi ilə məhdudlaşmırdı. Bu hadisələr, əslində, Azərbaycan dövlətçiliyinin çoxəsrlik ənənələrinin çağdaş dövrdə yenidən bərpa olunması və sistemli şəkildə möhkəmləndirilməsi kimi dəyərləndirilməlidir. Tarix boyu Azərbaycan müxtəlif imperiyalar və rejimlər arasında öz suverenlik arzularını qorumağa çalışmış, lakin əksər hallarda xarici qüvvələrin müdaxiləsi ilə milli dövlətçilik ənənələri parçalanmışdır. 1991-ci ildə müstəqilliyin bərpası ilə bu ənənələr yenidən dirçəlməyə başlasa da, yalnız 1993-cü ildən etibarən onların institusional təməllər üzərində sistemli şəkildə inkişafı təmin olundu. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tarixində yalnız bir tarixi dönüm nöqtəsi deyil, həm də strateji legitimliyin bərpa olunduğu məqam kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətin idarə olunması milli maraqlara əsaslanan qərarların qəbul edilməsini təmin etdi və bu qərarlar konstitusional hüquq çərçivəsində, xalqın dəstəyinə söykənən siyasi iradə ilə həyata keçirildi. Beləliklə, Azərbaycanda yalnız formalaşmamış dövlət institutları möhkəmlənmədi, eyni zamanda dövlətlə vətəndaş arasında sosial müqavilə və qarşılıqlı etimad bərpa olundu. Bu proses dövlətin legitimliyinin yalnız hüquqi deyil, həm də sosial-siyasi bazada qurulmasına gətirib çıxardı.

Milli Qurtuluş Günü həm də cəmiyyətin ideoloji konsolidasiyasının başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanın milli lideri Heydər Əliyevin siyasi xətti milli birliyi, dövlət suverenliyini və vətəndaş həmrəyliyini əsas götürürdü. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ictimai rəy formalaşmağa başladı və xalqın siyasi sistemə inamı tədricən bərpa olundu. Xüsusilə 1990-cı illərin əvvəllərində parçalanmış və radikal qütblərə bölünmüş cəmiyyətdə vahid ideoloji platformanın yaradılması və bu platformanın geniş ictimai təbəqələr tərəfindən qəbul olunması, milli dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynadı. Bu dövrdə qəbul edilən qərarlar – yeni Konstitusiyanın təsdiqlənməsi, siyasi partiyaların fəaliyyətinə hüquqi baza yaradılması, media azadlığının müəyyən hüquqi çərçivədə tanınması – vətəndaş cəmiyyəti quruculuğunun ilkin elementlərini formalaşdırdı. Beləliklə, dövlət və cəmiyyət arasında yeni bir münasibət modeli yaradıldı ki, bu model milli həmrəylik, sosial sabitlik və ideoloji tərbiyə anlayışlarını özündə birləşdirirdi.

15 İyun hadisəsi Azərbaycan xalqının yaddaşında sadəcə bir tarix deyil, kollektiv kimlik və milli özünüdərk prosesinin əsas dayaq nöqtələrindən birinə çevrilmişdir. Hər bir millətin formalaşmasında və dövlət quruculuğunda ortaq xatirə və tarixi simvollar mühüm əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü bu funksiyanı uğurla yerinə yetirən tarixi hadisədir. Bu gün həm də dövlətin rəsmi təqvimində əlamətdar gün kimi qeyd olunur və təhsil sistemindən tutmuş media məkanına qədər geniş şəkildə təbliğ edilir. Beləliklə, bu hadisə təkcə keçmişin təhlili ilə məhdudlaşmır, həm də gələcək nəsillərin milli identitetinin formalaşmasına xidmət edir. Simvolik məna daşıyan bu günün rəsmi qeyd olunması siyasi simvolizmin və milli ideoloji platformanın təməl elementinə çevrilmişdir.

Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığı vəziyyət klassik post-konflikt dövlət quruculuğu modelinə uyğun gəlir. Ölkə daxilində dərin hərbi, siyasi və iqtisadi böhranlar fonunda yeni dövlət sisteminin qurulması, hüquqi normaların bərpası və beynəlxalq əlaqələrin təşkili zəruri idi. Transformasiya dövrünün lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və siyasi qərarlar məhz bu post-konflikt mərhələnin strateji idarə olunmasına xidmət etdi. Burada xüsusilə qeyd olunmalıdır ki, post-konflikt dövrlərdə dövlətlər ya sabitliyə doğru yönəlir, ya da dağılma və vətəndaş qarşıdurması riski ilə üzləşirlər. Azərbaycan üçün 1993-cü il bu baxımdan transformasiya nöqtəsi olmuşdur. Dövlətçilik bərpa olunmuş, müstəqil xarici siyasət yürüdülməyə başlanmış və beynəlxalq təşkilatlarla əməkdaşlıqlar qurulmuşdur. Bu mərhələ yalnız böhranın aradan qaldırılması deyil, həm də davamlı inkişaf üçün institusional və strateji əsasların qoyulması ilə nəticələnmişdir.

15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan tarixində yalnız siyasi rəhbərliyin dəyişməsi deyil, həm də dövlətçiliyin transformasiyası və yenidən qurulmasının başlanğıcı kimi çıxış edir. Bu hadisə siyasi legitimliyin bərpası, konstitusional idarəçiliyin təməli və dayanıqlı inkişaf strategiyasının formalaşdırılması baxımından həlledici rol oynamışdır. 15 İyun hadisəsi postsovet məkanında effektiv liderliyin və siyasi sabitliyin sinerjisinin uğurlu nümunəsi kimi təhlil edilə bilər. Bu, həm də Azərbaycan dövlətçiliyinin normativ legitimlik və milli suverenlik kimi dəyərlər üzərində yenidən qurulmasının simvolik başlanğıcıdır.

Emil Abasov

YAP Pirallahı yerli təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
2
sia.az

3Sources