EN

MİLLİ HÖKUMƏT FƏALLARININ AZƏRBAYCAN ƏDƏBİYYATINA TƏSİRİ

İran kimi bir ölkənin əsarətində qalan, cəmi bir il fəaliyyət göstərən (1945–1946) Azərbaycan Demokratik Respublikasının yaranmasının bu il 80 illiyidir. Cənublu soydaşlarımızın əlindən alınan hüquqlarının günü bu gündə davam etməsi, öz ana dilinə, milli kimliyinə həsrət qalmaları bu taylı qardaşlarının qəlbində sağalmaz yaradır. Çox istərdik ki, ikiyə bölünmüş  Güney-Quzey Azərbaycan yox, üç rəngli bayraq altında böyük bir Azərbaycan görək.

 Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, Azərbaycan xalqının milli oyanış və azadlıq uğrunda mübarizə tarixində əlamətdar bir dövr kimi qiymətləndirilir. Bu illərdə yaranmış Azərbaycan Demokratik Respublikası, milli azadlıq ideyalarının, demokratik idarəetmə prinsiplərinin reallaşdırılması istiqamətində mühüm bir addım idi.

Cənubi Azərbaycan uzun illər boyu İran şahlığının idarəetməsində olmuş, lakin xalqının dil, mədəniyyət və identiklik baxımından ciddi basqılarla üzləşmişdir. Öz azadlıqsevərliyi ilə tarix boyu tanınmış Azərbay­can xalqı yaranmış tarixi-siyasi şəraitdən bəhrələnə­rək, milli müstəqillik uğrunda mübarizəyə qalx­ır.

1941-ci ildə İran üç güclü dövlətin (SSRİ, Böyük Britaniya və ABŞ) birgə hərbi nüfuzu altına düşdükdən sonra, yerli azərbaycanlı siyasi fəalların təşkilatlanmasına şərait yarandı.

     Səttarxan və Xiyabani hərəkatının dalğaları sönməmiş Güney Azərbaycanda milli-demokratik hərəkatın stimulverici qüvvələrindən birini, heç şüb­həsiz ki, İkinci dünya müharibəsinin başlanması və Hitler Almaniyasının Sovet İttifaqına hücum etməsi nəticəsində SSRİ-nin güney sərhədlərinin təhlükəsizliyi üçün İrana sovet qoşun hissələrinin yeridilməsi oldu. Güney qardaş­larının acınacaqlı vəziyyətini həmişə düşünən Şimali Azərbaycan ziyalılarının da bu qoşun hissələrinin tərki­bində Təbrizə gəlməsi, burada azadlıq və vətənpərvərlik ruhu tərbiyə edən mətbu orqanların nəşri Güneydə milli-mədəni dirçəlişin görünməmiş bir sürətlə irəliləməsinə səbəb olur. Doğrudur, Güney Azərbaycanda sovet qo­şunlarının köməyi ilə qurulan milli dövlət sosialist tipli bir dövlət idi və dünya kommunizm sisteminin genişlən­məsi məqsədini güdürdü. Firqənin proqramında torpaq islahatı, ana dilində təhsil, qadınların hüquqlarının təmin olunması və demokratik idarəetmənin qurulması kimi əsas məqsədlər nəzərdə tutulurdu.

   Seyid Cəfər Pişəvəri həm ideoloji lider, həm də xalqla bilavasitə təmasda olan bir təşkilatçı kimi prosesin mərkəzində dayanırdı. Onun çıxışlarında və yazılarında milli haqlar, sosial ədalət və mədəni dirçəliş ideyaları əsas yer tuturdu.

  Ancaq bütün bunlarla yanaşı, xarakterindən asılı olmayaraq, milli dövlətçiliyin yaran­ması faktının özü xalqda böyük ruh yüksəkliyinə, milli iftixar duyğularının yüksək səviyyədə tərbiyəsinə səbəb olmuşdur.

1945-ci ilin dekabrında Təbrizdə ADF-in təşkilatçılığı ilə Azərbaycan Milli Hökuməti elan olunur. Hökumətin proqramı demokratik prinsiplər, torpaq islahatları, mədəni dirçəliş, qadın hüquqları və ana dilində idarəetmə kimi əsas istiqamətlər həyata keçirilməyə başlandı. 1946-cı ilin əvvəllərində yerli idarəetmə orqanları (icraiyyə komitələri), polis, məhkəmə sistemləri təmizləndi və milli kadrlardan ibarət yeni idarəetmə formalaşdı. Təhsil sahəsində də ciddi addımlar atıldı: ilk dəfə olaraq türkcə dərsliklərlə əsas təhsil sistemi quruldu, müəllim hazırlığı kursları təşkil olundu. Ədəbiyyat və mədəniyyət bu inkişafdan geridə qalmır, ənənəvi olaraq divan ədə­biyyatı yaratmaqla məşğul olmuş Güney sənətkarları çağdaş ədəbiyyatın bütün janrlarında qələmlərini sına­yırdılar. Doğrudur, ənənəyə uyğun olaraq nəzm nəsrdən daha üstün idi; ancaq nəsr janrlarının da formalaşması və inkişafı müşahidə olunmaqdadır. Eyni zamanda mətbuat sahəsində “Azərbaycan”, “Vətən Yolunda”, “Jəvanan” kimi məcmuələr nəşr olunurdu.

Milli Hökumətin tərəfdarlarının SSRİ-dən gözləntiləri olduqca yüksək idi. Lakin beynəlxalq əlaqələr sistemində SSRİ-ABŞ-Britaniya balansı bu prosesi zəiflətdi. 1946-cı ilin ortalarında SSRİ öz qoşunlarını İrandan çıxarmaq məcburiyyətində qalır və bundan istifadə edən İran şahlıq rejimi Təbriz üzərində nəzarəti yenidən öz əlinə alır.

     1946-cı ilin dekabrında İran qoşunları qısa müddətdə Təbrizə daxil olur.  Milli hökümətin ləğvindən sonar ADF-nin fəalları və S.C. Pişəvəri təqib edilməyə başlanılır. Sovet Azərbaycanina keçməyə nail olan S.C. Pişəvəri 1947-ci ilin avqustda avtomobil qəzasında həlak olması rəsmi olaraq qeyd edilsə də, bir çox tədqiqatçılar haqlı olaraq bu hadisəni siyasi sui-qəsd kimi qiymətləndirirlər.

 Milli Hökumətin fəaliyyəti Cənubi Azərbaycanda milli kimlik şüurunun möhkəmlənməsində, siyasi mərifətin artmasında əvəzsiz rol oynadı. Bir sıra tarixçilər bu hadisələri Sovet geopolitikasının bir parçası hesab etsə də (R. Abrahamian, E. J. Zürcher), yerli tarixçilər və Cənubi Azərbaycan fəalları bunu milli haqlar uğrunda mübarizənin vacib səhifəsi kimi qiymətləndirirlər.

Bu dövr həm də regionda mədəni dirçəlişin, maarifçiliyin və milli özünüdərkin gücləndiyi bir mərhələ kimi qiymətləndirilir. Təcrübə göstərdi ki, milli ideyalar qısa ömürlü siyasi rejimlərdən daha uzunmüddətli təsirə malik ola bilir.

Cənubi Azərbaycanda 1945–46-cı illərdə qurulmuş Azərbaycan Demokratik Respublikası qısa ömürlü olsa da, xalqın milli oyanışı, ictimai şüurun formalaşması, demokratik idarəetmə əlamətlərinin tətbiqi baxımından çox vacib bir səhifədir. Azərbaycan xalqı nəyə qadir olduğunu dünyaya sübut etdi. Bu tarixi hadisə öyrədir ki, milli ideyalar beynəlxalq siyasi konfiqurasiyaya baxmayaraq uzun müddətdə davamlı ola bilir.

Milli demokratik dövlətin mövcud olduğu cəmi bir il ərzində iqtisadiyyatın və mədəniyyətin inkişafında Güney Azərbaycan onillər qədər irəli getdi.

1941-1946-cı illər arasında milli dövlətçilik uğrunda mübarizə və həmin dövlətçiliyin mövcudluğu dövründə Güney yazıçıları həm də Şimalda artıq formalaşmış və yüksək inkişaf zirvəsinə çatmış nəsr əsərlərini öz yara­dıcılıqları üçün örnək kimi alaraq öz nəsr məktəblərini formalaşdırmağa çalışırdılar. Bu da maraq doğurur ki, Şimal nəsri əsasən satirik planda olduğu halda, Güneydə didaktikaya meyl daha güclü hiss olunurdu ki, bu da tarixi ənənənin çox güclü olması ilə izah edilməlidir. İnkişaf tempinin çox yüksək olmasına baxmayaraq, keçən əsrin qırxıncı illərində Güney Azərbaycanda for­malaşan nəsr poetik imkanların gerçəkləşdirilməsi baxı­mından və təbliğ olunan ideyaların siqlətinə görə Şimal örnəyi səviyyəsinə qalxa bilmədi və milli dövlətçiliyin süqutu ilə o da uzun müddət ərzində durğunluq və geri­ləmə dövrünü yaşamağa başladı.

Cənubda yaradıcılığa başlamış bir qrup sənətkarın Şimala mühacirət etməsi nəticəsində Bakıda mühacirət ədəbiyyatı nümayəndələri arasında mühacir nasirlər də fəaliyyət göstərməyə başladılar. Mühacir nasirlərin yaradıcılığını iki mərhələyə böl­mək olar. Bunlardan birincisini - inqilabi romantika, ya­xın zamanlarda başlanmış böyük işi davam etdirmək və qələbə qazanmaq ümidi, bir tərəfdən də yeni siyasi şərait­də senzuranın və kommunist ideologiyasının təzyiqi ilə xarakterizə etmək olar. İkinci dövrdə daha çox boşa çıxmış ümidlər, mübarizəsiz keçmiş illərin inqilabçılıq peşəkarlığını zəiflətməsi və bütün bunların mühacirət nəsrində öz əksini tapması ilə səciyyələnir. Bu cür əsərlər daha çox son dövrlərin məhsulu olub, sonradan nəsrə keçmiş şairlərdən Əli Tudənin, Söhrab Tahirin və bir çox ədiblərin hekayə və romanlarında özünü göstərir. Bü tipli əsərlərdə tematika ənənəvi mövzulardan ibarət olsa da, hadisələrə münasibətin özünün dəyişdiyini görməmək mümkün deyildir. Bu isə öz növbəsində mibarizə aparan qüvvələrin özünün arasında nəsil dəyişik­liyinin baş verdiyini göstərir və yeni geosiyasi şəraitdə mübarizənin özünün də xarakterinin dəyişildiyini gös­tərir.

Cənubi Azərbaycanda formalaşmış Milli Hökumət və onun rəhbəri Seyid Cəfər Pişəvərinin fəaliyyəti Azərbaycan nəsrində dərin iz buraxdı. Cənubda baş qaldıran milli-azadlıq hərəkatı, onun liderlərinin fəaliyyəti və bu mübarizənin taleyi yalnız tarixi və siyasi kontekstdə deyil, eyni zamanda bədii-estetik müstəvidə də geniş əks olunmuşdur. Pişəvəri hərəkatının və Milli Hökumət fəallarının bədii obrazları Azərbaycan nəsrində eləcədə sovet Azərbaycanına pənah gətirmiş Cənublu ədiblərin yaradıcılığında da öz əksini tapır.  

     Pişəvəri hərəkatı Azərbaycan yazıçıları üçün təkcə siyasi hadisə deyil, həm də milli özünüdərk və ideoloji həmrəylik baxımından aktual mövzu idi. Azərbaycan yazıçıları Cənubi Azərbaycanın azadlıq mübarizəsini bədii əsərlərində əks etdirərkən tarixi faktları bədii təxəyyüllə uzlaşdırmağa, obrazlara estetik məna yükləməyə çalışmışlar. Beləliklə, nəsrdə yalnız Pişəvəri deyil, həmçinin onun silahdaşları da qəhrəmanlıq simvolları kimi təqdim olunurdu.

Mövzunun bədii təcəssümündə bir sıra yazıçıların yaradıcılığı xüsusi diqqətə layiqdir. Mirzə İbrahimovun “Gələcək gün” romanı Pişəvəri hərəkatının Azərbaycan nəsrində əksinin klassik nümunələrindən biri hesab olunur. Romanda S.C. Pişəvəri tarixi şəxsiyyət olaraq deyil, milli lider, xalqın azadlığı uğrunda mübarizə aparan maarifçi və təşkilatçı kimi təqdim edilir. Əsərdə Cənubi Azərbaycan xalqının sosial və siyasi durumu da fon kimi verilməklə, hərəkatın zəruriliyi əsaslandırılır. Ənvər Məmmədxanlının “Qardaş köməyi” povestində isə Şimali Azərbaycan ziyalılarının və mütəxəssislərinin Cənubi Azərbaycana göstərdiyi dəstək bədii şəkildə canlandırılmışdır. Burada həmrəylik ideyası ön planda tutulur, Pişəvəri və silahdaşlarının apardığı mübarizəyə mənəvi dayaq motivi vurğulanır. Əsərdə qəhrəmanlar konkret adlarla deyil, ümumiləşdirilmiş obrazlar şəklində təqdim olunur ki, bu da ideyanın ümummilli xarakterini önə çıxarır. Digər nümunələr sırasında Süleyman Rəhimovun əsərlərində də Cənubi Azərbaycan mübarizəsinə dair süjet xətləri müşahidə olunur. Yazıçılar həmin hadisələri yalnız vətənpərvərlik prizmasından deyil, həm də sosial-psixoloji aspektlərdə işləməklə obrazlara dərin emosional yüklər vermişlər. Bu obrazlar xalqın öz hüquqları uğrunda mübarizə aparan, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik insanlar kimi təqdim edilir. O cümlədən M.S.Ordubadi – “Dumanlı Təbriz”, F.Xoşkinabi “İki qardaş”, P.Ma­kulu –  “Gizli zindan”, “Mübarizlər”, S.Tahir – “Qonşu qızın mək­tub­la­rı”, “Əmanət” və.s əsərlərdə də bu tarixi hadisələr öz əksini tapır.

Azərbaycan nəsrində S.C. Pişəvəri və Milli Hökumət fəallarının obrazları vətənpərvərlik, milli azadlıq, birlik və qardaşlıq ideyalarının daşıyıcısı kimi də təqdim olunur. Bu obrazlar həm tarixi yaddaşın qorunması, həm də xalqın milli kimliyinin formalaşması baxımından mühüm məna kəsb edir. Pişəvəri obrazı, ilk növbədə, xalqın hüquqları uğrunda mübarizə aparan lider, eyni zamanda maarifçi və təşkilatçı kimi ideallaşdırılır. Onun silahdaşları da fədakar, mübariz və ictimai məsuliyyət hissi güclü olan simalar kimi təsvir olunur.

Bu obrazların yaradılmasında sovet ideoloji çərçivəsi də müəyyən rol oynamış, lakin yazıçılar öz yaradıcılıq imkanları daxilində onları həm real tarixi şəxsiyyətlər kimi, həm də ümummilli qəhrəmanlar səviyyəsində təqdim etməyə nail olmuşlar. Beləliklə, ədəbi mətnlər yalnız bədii təsvir deyil, həm də ideoloji-emosional təbliğat vasitəsinə çevrilmişdir.

     Azərbaycan nəsrində bu qəhrəmanlıq xalqın milli oyanışının, azadlıq və müstəqillik arzularının bədii ifadəsi kimi mühüm yer tutur. Yazıçılar bu obrazları yalnız tarixi hadisələrin bədii inikası kimi deyil, həm də milli kimliyin qorunması və ideoloji tərbiyənin vasitəsi olaraq təqdim etmişlər.

   Bütövlükdə yeni dünya nizamı nəticəsində ədəbiyyat səhnəsindən çıxmaqda olan və tarixiləşən Çağdaş Güney Azərbaycan mühacirət nəsri Çağdaş Güney Azərbaycan nəsrinin və ümumiyyətlə Azərbaycan ədəbiyyatının ayrıl­maz tərkib hissələrindən biri olaraq qalır.

Göyərçin Abidqızı

Chosen
10
1
adalet.az

2Sources