EN

Arının iki məhsulu:Biri zəhər, biri bal!

Minbir dərdin dərmanı artacaq

Müdrik babalarımız bala minbir dərdin dərmanı deyiblər. Bu barədə geniş söhbət açmaq olar. Lakin iki faktla arının nəyə qadir olduğunu göstərmək olar. Arı elə bir sirli varlıqdır ki, həm balı tibbdə dərman kimi qəbul edilə bilər, həm də zəhəri! Sanki lap möcüzədir. Bunlardan əlavə digər məhsulları da sağlamlığın bərpasında və qorunmasında  istifadə edilir. Son illər ölkəmizdə təbii bal istehsalına diqqət və dövlət dəstəyi sevindirici haldır. Zərərli qidaların bazarlara daşındığı hazırkı dövrdə belə ekoloji  təmiz və sağlamlıq üçün əvəzolumaz qidanın istehsalının artırılması böyük əhəmiyyətə malikdir. Ona görə də dövlət strukturları və ictimai təşkilatlar arıçılıq məhsullarının istehsalının artırılmasına öz töhfələrini verməyə çalışırlar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən "Gənc arıçı" layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

Bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, "Gənc arıçı" layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib ki, bu da sahənin inkişafına təkan verir.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

Arı məhsulları haqqında bir çox maraqlı məlumatlar var. Arı sancması insanları qorxudur. Lakin arı sancada ağrı hiss etməyimizə səbəb olan arı zəhərinin xeyirləri də var. Arı zəhərinin faydalı olduğuna dair mülahizələr qədim Misir dövrlərinə qədər uzanır. Bu zəhərin içərisində olan mellitin, adolapin və apamin iltihab maddələri sayəsində bədəndəki iltihabları azalda bilir. Amerika və İsveçdə aparılan araşdırmalar zamanı zəhərin ağrıkəsici təsirə malik olduğu da öyrənilib. Arı zəhəri zəngin flora və faunası olan Azərbaycanımızın və xarici ölkələrin xalq təbabətində geniş şəkildə rast gəlinir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa xeyri var.

Dediyimiz kimi, arıçılıq soydaşlarımızın yüz illər boyu məşğul olduqları fəaliyyət növlərindən biri kimi tanınıb. Lakin Ermənistanın işğalçı birləşmələrinin dağlarımızı döyüş poliqonuna çevirdiyi illərdə arıçılıq tənəzzülə uğradı. Şəraitsizlikdən minlərlə arı ailələri tələf oldu, bal istehsalı kəskin azaldı. Nəhayət, iyirmi səkkiz ildən sonra, yəni rayonlarımız işğaldan azad ediləndən sonra  2021-ci ildən başlayaraq arıçılığın inkişafına  münasib şərait yarandı. Arı ailələri  çiçəklərin bol olduğu Kəlbəcərin, Laçının, Qubadlının dağlarına və yaylaqlarına köçürüldü. Arıçılar yenidən öz sahələrinə qayıtdılar.

Qısaca desək, arıçılığın inkişafı bir tərəfdən süfrələrimizi keyfiyyətli yeyinti məhsulları ilə, apteklərimizi dərmanla  təmin edirsə, digər tərəfdən yeni iş yerlərinin açılmasına və bu sahəyə maraq göstərənlərin arzusunun reallaşmasına şərait yaradır. Qoy balımız bol olsun!

Vəli İlyasov, “İki sahil”

Chosen
65
ikisahil.az

1Sources