EN

İsrailin İrana hücumu Ukrayna-Rusiya cəbhəsində nəyi dəyişə bilər?

Bu gün səhər saatlarından etibarən İsrailin İrandakı hədəflərə kütləvi zərbə endirməsi ilə iki dövlət arasında çoxdan bəri mövcud olan siyasi gərginlik açıq hərbi müstəviyə keçmiş oldu. Yaxşı hazırlanmış qəfil hücum nəticəsində İrandakı yüzlərlə hədəfi məhv edən İsrail, bununla regionda yeni hərbi-siyasi reallığa imza atdı.  

Hələlik ilk mərhələsində olan qarşıdurmanın gələcək gesişatını əminliklə proqnozlaşdırmaq mümkün olmasa da, bu mübarizənin Ukrayna-Rusiya müharibəsinin gələcəyinə ciddi təsir göstərəcəyi ehtimalı böyükdür.  

Heç kimə sirr deyil ki, Ukrayna-Rusiya müharibəsində İranın rus ordusunun əsas təchizatçılarından biri qismində çıxış etməsi ilə bağlı iddialar var. İranın Rusiyaya

“Şahed” dronları tədarük etdiyi ilə bağlı rəsmi Kiyevin dəfələrlə kəskin bəyanatla çıxış etdiyi  məlumdur. İranın Rusiyaya raket sistemləri və mərmilər göndərdiyi də mediada yer alan əsas iddialar arasındadır. Çox güman ki, İsrailin İrana hücumu və onunla açıq hərbi qarşıdurmaya getməsi Tehranı öz müdafiəsi haqqında düşünməyə vadar edəcək. Bu isə o deməkdir ki, İranın Rusiyaya hərbi tədarükü əhəmiyyətli dərəcədə azalacaq, və ya tamamilə dayanacaq.Belə olan halda Ukraynanın Rusiyanın hücumlarından effektiv müdafiəsi üçün yeni imkanlar yaranacaq ki, bu da Kiyev üçün həyati əhəmiyyət kəsb edir.

Bir sözlə, İran-İsrail müharibəsi və bu müharibənin mümkün nəticələrini özünü bir çox sahə ilə yanaşı, həm də Ukrayna-Rusiya cəbhəsində aydın şəkildə göstərəcək.

Onu da qeyd edək ki, Azərbaycan dövləti nəinki öz qonşuluğunda, ümumiyyətlə dünyanın istənilən nöqtəsində müharibə və zorakılığın əleyhinədir və bütün problemlərin sülh yolu ilə, danışıqlar masası arxasında həllinə önəm verir. Bu baxımdan, bütün gərginliklər kimi İranla İsrail arasındakı gərginliyin də sülh yolu ilə həlli Azərbaycan dövlətinin marağındadır və əminliklə demək olar ki, hər zaman sülh missiyasını uğurla yerinə yetirən dövlətimiz, İsrail-İran qarşıdurmasının da sülh yolunda həllinə bu və ya digər dərəcədə öz töhfəsini verəcək.

Seymur ƏLİYEV

 

 

Chosen
25
moderator.az

1Sources