EN

“Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır

Kanadalı və azərbaycanlı diplomatların görüşündə gərginlikdən çəkinmək diqqətə çatdırılıb; ermənipərəst rəsmi Ottava ilə bu danışıqlar müzakirə kimi qalacaq, yoxsa...

Bakıda Azərbaycan və Kanada xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə XİN-in Amerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə XİN-in Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verilib.

Məlum olduğu kimi, Kanada son illərdə aktiv ermənipərəst siyasət yürüdür və kanadalıların Ermənistana ayaq açmaları da Paşinyanın iqtidara gəlişindən sonraya təsadüf edir. Kanada həm də Aİ-nin Ermənistandakı missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Bundan əlavə, Kanada nüvəsində Parisin dayandığı və fransız dilinin rəsmi dil olduğu, yaxud əhalisinin önəmli qisminin fransızca danışdığı, Fransa mədəniyyəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. Eyni zamanda Ermənistan da həmin təşkilatda təmsil olunur. Ermənistan Beynəlxalq Frankofoniya Təşkilatının fransızdilli ölkə olmayan yeganə üzvüdür. Kanadanın adı gələndə istər-istəməz bu ölkənin 44 günlük Vətən müharibəsindəki xoşagəlməz addımları yada düşür.

Rəsmi Ottava müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2" pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Bundan əlavə, Vətən müharibəsi zamanı Kanadanın xarici işlər naziri olmuş Fransua-Filipp Şampan Azərbaycanı ittiham edən bəyanatlar vermişdi. Kanadanın ermənipərəst mövqeyi Azərbaycanda zaman-zaman etiraza səbəb olub. Bununla bağlı onu da qeyd edək ki, Kanada özü etnik separatizmdən əziyyət çəkən ölkədir. Kvebek əyalətində vaxtaşırı separatizm meylləri baş qaldırır.

Bəs bu görüşdən sonra münasibətlər necə inkişaf edəcək? Kanadanın yeni hakimiyyəti ilə siyasi məsləhətləşmələr müzakirə olaraq qalacaq, yoxsa Azərbaycan həqiqətləri axır ki, “ağcaqayın yarpağı ölkəsi”nə də çatacaq? Yəni rəsmi Ottava ermənipərəst siyasətindən əl çəkəcəkmi?

Yeri gəlmişkən, Kanadanın Ermənistana dəstəyi xüsusilə Nikol Paşinyanın hakimiyyətə yiyələnməsindən sonra artıb. Məsələn, Robert Köçəryanın, Serj Sərkisyanın hakimiyyətdə olduqları dövrdə Kanada-Ermənistan əlaqələri indiki kimi deyildi. Əlaqələrin inkişafında, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Hətta bir neçə il əvvəl Kanada Senatında Qarabağdakı keçmiş qondarma rejimin müstəqilliyinin tanınması barədə təşəbbüs olmuşdu, sonra rədd edildi.

Politoloq

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın “Yeni Müsavat”a bildirdiyinə görə, Kanadadan az əvvəl Niderland da Azərbaycanla gərginliyin aradan qaldırılması istiqamətində addım atmışdı: “Bu Avropa ölkəsinin ermənipərəst addımlarını, qətnamələrini yaxşı xatırlayırıq. Ardınca niderlandlı diplomatlar Bakıya gəldi, müzakirələr aparıldı, barışıq istiqamətində addım atıldı. Yəni Azərbaycan heç zaman qərəzli siyasət yürütmür, bizə qarşı əsassız ittihamlar səsləndirilir. İndi də Kanada nümayəndələri ilə Bakıda görüş olub. Elə rəsmi məlumatda da deyilir ki, "ikitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb". Deməli, görüşün əsas məğzi, leytmotivi bundan ibarətdir. Lakin burada da gərginliyə səbəb olacaq addımları rəsmi Bakı atmayıb. Kanadanın dəfələrlə ermənipərəst mövqeyi ilə qarşılaşmışıq. Bu ölkənin xarici işlər naziri Melani Coninin səsləndirdiyi fikirləri yaxşı xatırlayırıq. O baxımdan ümid edək ki, bu görüş irəliyə doğru mühüm addım olacaq. Sadəcə, Kanada Avropa İttifaqının üzvü olmadığı halda, Ermənistanla sərhəddə yerləşən “casus missiyası”nın tərkibində iştirak edir. Halbuki Kanada NATO üzvüdür. Deməli, NATO missiyası sərhədimizə gəlib. Hətta Rusiya rəsmisi Mariya Zaxarova bu günlərdə yenidən “casus şəbəkəsi”nin fəaliyyətinə toxundu və Azərbaycanın narahatlıqlarının əsaslı olduğunu vurğuladı. Əgər Kanada münasibətlərdə səmimidirsə, ilk addım olaraq “mülki missiya”da fəaliyyətinə son qoysun".

Siyasi təhlilçi hesab edir ki, Azərbaycan yeni reallıqlar yaradıb və bunu Kanada kimi ölkələr yavaş-yavaş qəbul etməyə başlayırlar: “Onlar anlayırlar ki, təzyiq göstərmək, ittiham etməklə hansısa məqsədlərinə çata bilməyəcəklər, yaxud Ermənistana köməyi dəyməyəcək. İrəvanın tək qurtuluş yolu Azərbaycanın tələblərini icra etməklə yekun sülh sənədi imzalamaqdır. Bunu ermənipərəst siyasət yürüdən Kanada, Niderland kimi ölkələr dərk etməkdədirlər. Onlar Azərbaycanın gücünü, müttəfiqlərini, regiondakı mövqeyimizi qiymətləndirməyə başlayıblar. Habelə Tramp administrasiyası Paşinyan iqtidarına Bayden kimi açıq dəstək vermir. Kanada hökuməti bu fərqi də görməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Chosen
10
musavat.com

1Sources