EN

Ənənəvi dəyərlər dəyişməlidir, yoxsa qorunmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan xalqının özünəməxsus adət-ənənələri var və bu da bizim milli-mənəvi dəyərlərimizə əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, hər bir xalqın özünəxas xüsusiyyətləri olduğu kimi, bizim də xüsusi mental dəyərlərimiz var: "Təbii ki, bəzi adət-ənənələr zamanla cəmiyyətin inkişafına mane ola bilər. Amma bu, o demək deyil ki, həmin ənənələri tamamilə dəyişməli və ya sıradan çıxarmalıyıq. Əksinə, bəzi adət-ənənələri müasir dövrümüzə uyğunlaşdıraraq, daha yeni və qəbulolunan formada cəmiyyətə təqdim edə bilərik. Onların qorunub saxlanılması, eyni zamanda inkişaf etdirilməsi vacibdir. Bəzən ənənəvi, amma artıq cəmiyyətə uyğun gəlməyən formalar dəyişdirilə bilər, lakin kökündə dayanan dəyər qorunmalıdır. Yəni ənənəni tamamilə yox etmək yox, onu müasirləşdirmək daha doğru yanaşmadır. Ən əsası, bu dəyərləri qorumaqda cəmiyyətin rolu böyükdür. Təəssüf ki, bəzən milli-mənəvi dəyərlərimizə qarşı məqsədli şəkildə hücumlar edilir – müasirlik adı altında bu dəyərlər sıxışdırılır, gözdən salınmağa çalışılır. Halbuki biz bu dəyərlərlə doğulmuşuq, bu dəyərlərlə böyümüş və inkişaf etmişik. Onları qorumaq həm cəmiyyətə faydalıdır, həm də xalqın kimliyini və inkişaf səviyyəsini əks etdirir. Milli-mənəvi dəyərlərimizə misal olaraq muğam sənətini, baş örtüyümüz olan kəlağayını göstərmək olar. Bunlar sadəcə mədəniyyət nümunəsi deyil, bizim kimliyimizin daşıyıcılarıdır. Eləcə də bölgələrə xas olan süfrə mədəniyyəti, mətbəx nümunələri – bunlar da qorunmalı və yaşadılmalıdır. Bəzən bu sahələrdə müəyyən dəyişikliklər olur, məsələn, toy adətlərinin qismən müasirləşdirilməsi. Lakin bu dəyişikliklər dəyərləri sıradan çıxarmaq yox, onları zamanın tələblərinə uyğunlaşdırmaq üçün edilməlidir. İnkişaf mütləqdir, amma bu inkişaf dəyərlərimizi itirmək bahasına olmamalıdır. Hər şey qədərində və balanslı şəkildə olmalıdır – həm irəli gedək, həm də kimliyimizi itirməyək".

Müəllif: Günel Rəşadqızı

Chosen
2
1
sia.az

2Sources