EN

Qanunsuz aborta görə həbs cəzası tətbiq olunacaq

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində qanunsuz aborta görə cəzalar sərtləşdirilib. AzPost bildirir ki, artıq bu cür əməllərə görə yalnız cərimə ilə kifayətlənmək mümkün olmayacaq. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra, məsuliyyət daha ağır formada – azadlığın məhdudlaşdırılması və ya həbs cəzası ilə nəzərdə tutulacaq.

Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortun edilməsi və ya bu sahədə ixtisası olmayan şəxsin abort aparması nəticəsində zərərçəkmişin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurularsa, bir ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Eyni zamanda, şəxs iki ilədək müəyyən vəzifə və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

Əgər bu əməllər nəticəsində zərərçəkmişin sağlamlığına ağır zərər dəyərsə, bu zaman iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə, əlavə olaraq üç ilədək peşə fəaliyyətindən uzaqlaşdırma cəzası veriləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən isə, bu əməllərə görə iki min manatdan üç min manatadək cərimə və ya islah işləri, yaxud qısa müddətli azadlıqdan məhrumetmə tətbiq edilirdi. Yeni dəyişikliklər bu cərimə variantını aradan qaldırır və məsuliyyəti daha sərt şəkildə tənzimləyir.

Bu addım, abort prosedurlarının yalnız tibbi standartlara uyğun və ixtisaslı personal tərəfindən aparılmasını təmin etmək, həmçinin qadın sağlamlığının qorunmasını gücləndirmək məqsədi daşıyır.

Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

AzPost.az

Chosen
11
azpost.info

1Sources