EN

"Ordumuz döyüş hazırlığına gətirilməlidir" -İranşünas Voskanyan

Xəbər verdiyimiz kimi İsrail İrana hücum edib. Yaxın Şərqdə vəziyyətin genişmiqyaslı müharibə həddinə çatması Ermənistan cəmiyyətini təşvişə salıb. Buna səbəb İrəvanın İranı özünə yaxın müttəfiq sayçmasıdır. "Mamul" nəşri iranşünas Vardan Voskanyanın açıqlamalarını dərc edərək yazıb ki, prosesdən ən çox əziyyət çəkən ölkələrdən biri də Ermənistan ola bilər: “Dövlətimiz üçün əlavə təhlükəsizlik çağırışları yaradan Yaxın Şərqdə gərginlik davam edir. Hədsiz gərginliyin hökm sürdüyü indiki vəziyyətdə Ermənistan ilk növbədə nə etməlidir?

Ölkə daxilində siyasi gündəmdə hakimiyyət ictimai həmrəyliyin yaradılması yolunu tutmalıdır. Dövlətimizin, millətimizin təhlükəsizliyindən önəmli məsələ yoxdur. Xüsusilə Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri fonunda Ermənistan Respublikasının Silahlı Qüvvələri vəziyyətə uyğun davranmalı, ordu döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.

Müttəfiq dövlətlərlə qapalı rejimdə müəyyən fəaliyyətləri əlaqələndirməyə başlamaq lazımdır. İran tərəfi ilə diplomatik və güc kanalları ilə daimi əlaqə saxlamaq lazımdır”.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Chosen
12
news365.az

1Sources