EN

“Ottava”nı tərk edirlər: Konvensiya niyə boşalır?

Finlandiyada parlamentin müdafiə komitəsi dövlətin piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxmasını dəstəkləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, Komitə hesab edir ki, mövcud təhlükəsizlik şəraitində Finlandiya öz müdafiə sisteminə piyada əleyhinə minaları yenidən daxil etməlidir.

Onu da qeyd edək ki, iyunun 4-də Estoniya parlamenti Ottava Konvensiyasından çıxmaq haqqında qanun qəbul edib. Hazırda bu məsələ Latviya, Litva və Polşada da nəzərdən keçirilir.

Maraqlıdır ki, ölkələrin Ottava Konvensiyasından çıxmasının səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yüz minlərlə insanın öldürüldüyü, uşaqların oğurlandığı, mülki şəxslərin bombalandığı qeyri-sabit bir dünyada Ottava Konvensiyasından imtina olunması normaldır. Bu Konvensiyanın keçərli olması üçün sabit dünyaya ehtiyac var:

"Ottava Konvensiyası sabit dünya üçün nəzərdə tutulmuş bir Konvensiyadır. Yəni, müharibələrin olmadığı və müharibə cinayətlərinin törədilmədiyi bir dünya üçün keçərlidir. Lakin bu gün sabit dünya mövcud deyil. Bu gün istənilən regionda konvensional silahlarla kütləvi olaraq insanlar məhv edilir. Paralel olaraq, bütün texniki vasitələrlə hücumlar həyata keçirilir və ərazilər işğal olunur. Bunun qarşısını almaq üçün dövlət müəyyən əraziləri yenidən minalamaq məcburiyyətində qalır”.

Müsahibimiz xatırladıb ki, 3 ildən artıqdır Rusiya-Ukrayna müharibəsi davam edir və Rusiyanın təcavüzünün qarşısını almaq o qədər də asan deyil. Onun sözlərinə görə, əsgərlərin çatışmadığı Ukrayna ordusu da bu cür minaların basdırılması məcburiyyəti ilə üzləşib ki, ən azından işğalı ləngidə bilsin və hücum əməliyyatlarını dayandıra bilsin. Bu potensial təhlükə Rusiya ilə həmsərhəd olan ölkələri də gözləyir.

Natiq Miri: Hər ölkə əlində olan bütün imkanlar vasitəsilə qorunmağa çalışır

N.Mirinin fikrincə, Ukrayna müharibəsi Rusiyanın istəyi ilə bitərsə, bu, Moskvanın iştahını artıra bilər. Nəticədə Rusiya Skandinaviya, Baltikyanı ölkələr və Şərqi Avropa ölkələrinə Ukraynaya etdiyi kimi, hərbi təcavüz edə bilər.

"Ona görə də ölkələr bu hücumlardan özlərini sığortalamaq üçün zamanında qoşulduqları və qəbul etdikləri qanunvericilikdən imtina etmək məcburiyyətində qalıblar. Bu, ilk baxışdan doğru olmayan davranış kimi görünə bilər. Lakin bunu müharibə edən ölkəyə sual etsəniz, başqa cavabı yoxdur. Bir ölkə əlində olan bütün imkanlar vasitəsilə qorunmağa çalışır. Yaxşı olar ki, hər kəs əlini daşın altına qoyaraq sabit dünyanı təmin etməyə çalışsın", - Natiq Miri qeyd edib.

Gülşən Şərif

Chosen
7
1
bakivaxti.az

2Sources