EN

Paytaxt rayonlarında kommunal layihənin tətbiqi uğurla davam edir

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir.

BŞİH-dən AZƏRTAC-a verilən məlumata görə, ilk dəfə Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində müsbət nəticələr əldə edildi.Bu da imkan verdi ki, paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail əraziləri də mərhələli şəkildə layihəyə qoşuldu.

İyunun 13-dən etibarən isə Bakının Xəzər rayonunda da layihənin icrasına başlanılıb. Layihəyə yeni qoşulan Xəzər rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 400-dən çox konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2500 yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub.

Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xəzər rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı Şəhər və Xəzər Rayon İcra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.

Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 yeni avtonəqliyyat vasitəsi və mexanizmlər alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxt Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.

 

Chosen
47
11
azertag.az

10Sources