EN

Yevlaxda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib



Yevlaxda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.


Newscenter.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qərbi Azərbaycan icmasının Yevlax nümayəndəliyinin,Rayon Ağsaqqallar Şurasının hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəyirmi masa iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstələri qoyaraq, dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.

Yevlax Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilən dəyirmi masada Ulu Öndərimiz Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Dəyirmi masanı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirmişdir ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyun günü xalqımızın tarixində önəmli bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyev olmuşdur. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və mürəkkəb idi. Azərbaycan xalqı uzun müddətdən sonra öz müstəqilliyinə yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. Həmin dövrdə iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalq yeganə çıxış yolunu Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə, xüsusən qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdü. Ölkədə separatizm, dövlət çevrilişi cəhdləri qətiyyətlə dəf edildi.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonra qoyduğu böyük siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqeləri daha da möhkəmlənir, qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəni şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və Ata vəsiyyətini yerinə yetirdi. Biz artıq bütün bayramlarımız kimi Milli Qurtuluş Gününü də bütöv Azərbaycan ərazisində,qalib Ölkənin Qalib vətəndaşı kimi qeyd edirik.

Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qərbi Azərbaycan icmasının Yevlax nümayəndəliyinin rəhbəri Surəddin Rüstəmov, Yevlax rayonu Aran qəsəbə Mədəniyyət Evinin direktoru Əhlinaz Mürsəlova öz çıxışlarında qeyd etmişlər ki, Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətçiliyinin xilası, sabitlik və inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi tariximizə əbədi yazılıb. Bu günün mahiyyəti həm də xalqın iradəsinin, milli birlik və həmrəyliyin, azadlıq və müstəqillik uğrunda səfərbərliyinin rəmzidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin bu arzusu Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasəti sayəsində reallaşdı. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir. Bu gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilmişdir.

Sonda “Əməkdar mədəniyyət işçisi” Eldəniz Mustafayev vətəpərvərlik mövzusunda şeirlər səsləndirmişdir.

Süleyman
Chosen
15
newscenter.az

1Sources