EN

Maliyyə Nazirliyi islahatlara başlayıb - Sahil Babayev

Milli Məclisinin növbədənkənar sessiyasının ikinci plenar iclasında maliyyə naziri Sahil Babayev çıxış edib.

Modern.az-ın məlumatına görə, nazir bildirib ki, dövlət büdcəsi sadəcə fiskal sənəd deyil, ölkəmizin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini və vətəndaş rifahına yönəldilmiş siyasəti əks etdirən əsas vasitədir.

"Büdcənin icrası isə bu öhdəliklərin real həyata keçirilməsinin göstəricisi, bütövlükdə hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  hesabat ilində büdcənin icrası istiqamətində zəruri tədbirlər görülmüş, makroiqtisadi göstəricilər müsbət tendensiya üzrə inkişaf etmiş, sosial proqramların icrası təmin olunmuş, iqtisadi inkişafın, dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaiti səfərbər edilmişdir.

Eyni zamanda, ötən il ərzində Böyük Qayıdış proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi geniş vüsət almışdır.

Hesabat ilində həmçinin, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilmişdir.

Mən, 2024-cü il üzrə büdcə göstəricilərini təkrar səsləndirməyərək, 2024-cü ilin dövlət büdcəsinin icrası ilə əlaqədar müzakirələrdə hörmətli millət vəkillərimiz tərəfindən qaldırılan məsələlərə toxunmaq istərdim.

Qeyd edim ki, millət vəkilləri tərəfindən irəli sürülmüş rəy və təkliflər ətraflı təhlil edilmiş, bir sıra hallarda dövlət maliyyəsinin idarə edilməsi işinin təkmilləşdirilməsi baxımından faydalı olmaqla tərəfimizdən dəyərləndirilir.

Eyni zamanda, diqqətinizə çatdırmaq istərdim ki, dövlət maliyyəsinin daha səmərəli idarə olunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində hal-hazırda Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılmış və geniş islahatlara başlanılmışdır.

İslahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlirlərinin və xərclərinin təhlili və optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə tətbiqi imkanları dəyərləndirilir.

Bildirmək istərdim ki, bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha diqqət yetiriləcəkdir.

Bununla yanaşı, qısa olaraq Milli Məclisin plenar iclasının 1-ci oxunuşunda qaldırılan bəzi məsələlərə aydınlıq gətirmək yerinə düşərdi.

Qanun layihəsinin və hesabatın müzakirəsi zamanı hörmətli millət vəkillərimiz tərəfindən büdcənin icrası ilə onun proqnozu arasında, o cümlədən büdcə kəsirində fərqlərin olması barədə fikir səsləndirilmişdi.

Hesab edirik ki, qaldırılan məsələyə konseptual və kompleks baxılmalıdır. Belə ki, bu istiqamətdə həm gəlirin, həm də xərcin proqnozu və icrası ayrılıqda dəyərləndirilməlidir. Kəsirin əslində bu iki anlayışın derivativi olduğunu nəzərə alsaq, bu göstəricilərdəki dəyişiklik kəsirin həcminə də təsir edir.

Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqəlidir. Çünki, biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. İl ərzində icra zamanı isə neftin qiyməti daha yüksək olduqda, əlbəttə bu həm icmal, həm də dövlət büdcəsinin gəlirlərinə ciddi şəkildə təsir edir.

İkinci seqment isə bizim qeyri-neft vergi gəlirlərimizin proqnozlaşdırılması ilə bağlıdır. Bu da, ümumi ÜDM-in məbləğindən asılıdır.

Belə ki, qeyri-neft vergi gəlirlərinin proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanan bir rəqəmdir, ÜDM-ə isə kifayət qədər təsir amilləri mövcuddur.

Eyni zamanda, bu məsələdə beynəlxalq konyunkturanın təsirləri, xüsusilə Qarabağda bərpa və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar idxalın və buna uyğun büdcə gəlirlərinin artımı nəzərə alınmalıdır.

Bildirmək istərdim ki, bu istiqamətdə proqnozlaşdırmanın təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 2025-ci ilin dörd ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə 99 faiz üst-üstə düşür.

Xərcin proqnozlaşdırılması ilə bağlı isə qeyd etməliyəm ki, burada əsas faktor keçən il artan neft və qaz gəlirləri ilə bağlı büdcəyə aparılan dürüstləşmə fonunda xərclərin ciddi şəkildə artırılmasıdır. Bu, eyni zamanda həmin vəsaitlərin xərclənməsini də əsasən ilin son rübü ilə şərtləndirmişdir.

Belə ki, artan xərclərin mütləq əksəriyyətini kapital xərcləri, yəni əsaslı xərclər təşkil etmişdir ki, həmin vəsaitlərin xərc edilməsi məqsədilə müvafiq prosedurlar, o cümlədən satınalmaların keçirilməsi zəruridir.

Digər qaldırılan məsələ elm və təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinin az olması ilə bağlı idi.

Qeyd edim ki, elm və təhsil xərclərinə kompleks baxılmalıdır. Hesabat ilində təhsil və elm xərcləri 4,8 milyard manat olmaqla, ÜDM-in 4 faizi məbləğində proqnozlaşdırılmışdır. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 faizi həcmində proqnozlaşdırılır.

Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır.

Müzakirələr zamanı dövlət büdcəsinin gəlir və xərclərin ümumi daxili məhsulundakı payı məsələsinə də toxunulmuşdur.

Qeyd edilən məsələ konseptual bir məsələdir və hər bir dövlətin və ya ekspertin bu məsələdə fərqli yanaşması ola bilər. Yəni, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də optimal və ya yaxşı payı necə faiz olmalıdır hazırda müzakirə obyektidir.

Bir sıra ölkələrdə bu rəqəm 25-26 faiz həcmində, digərlərində 35-36 faiz həcmində, selektiv olaraq baxdıqda isə bəzi dövlətlərdə bu 40 faizin üzərindədir.

Bu yaxşıdırmı? Bunun özü böyük bir sualdır. Dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-in 40 faizinə bərabər olması həmin dövlətin iqtisadiyyatının kəskin şəkildə dövlət büdcəsindən aslılığı kimi də təfsir oluna bilər. Digər tərəfdən qeyd edilən payın çox az olması dövlətin iqtisadi proseslərə müdaxiləsinin minimum olması və ya dövlət dəstəyinin olmaması anlamına da gəlir.

Bildirmək istərdim ki, bu məsələdə qızıl ortanı hər bir dövlət özü müəyyən edir. Lakin bir faktı nəzərə almalıyıq ki, belə müqayisələrdə icmal büdcənin rəqəmlərinə üstünlük verilməsi daha məqsədəuyğundur. Belə ki, hesabat dövrü üzrə icmal büdcənin göstəricilərinin ÜDM-də xüsusi çəkisinə nəzər salmış olsaq, xərclərin ÜDM-də xüsusi çəkisinin 34 faiz, gəlirlərin isə 38 faiz həcmində olduğunu görmüş olarıq.

Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka şərtlərinə uyğun kontingentin 90%-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onu paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə bağlı idi.

Ümumilikdə İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox  ipoteka krediti verilmişdir.

İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşmüşdür.

Qeyd edilməlidir ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan  sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılmışdır.

Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Aktual məsələlərdən biri kimi, bölgələrdə səhiyyə infrastrukturunun və insan resurslarının çatışmazlığı, xəstəxana şəbəkəsinin optimallaşdırılması və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsi millət vəkillərini maraqlandıran mövzular sırasında idi.

Məlumdur ki, ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir.

Bu məqsədlə hər ilin dövlət büdcəsindən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası üçün müvafiq məbləğdə vəsaitlər ayrılır və tam maliyyələşdirilir. Müqayisə üçün, 2024-cü ilin dövlət büdcəsində bu məqsədlə ayrılan vəsait 3 il öncəsinə nisbətən 323  milyon manat və ya 31 faiz çox olmaqla, 1,368 milyon manat vəsait təşkil etmişdir.

Həmin vəsaitlərdən başqa, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində Fondun 2024-cü il üzrə gəliri 2,5 milyard manata çatmış və maliyyə imkanları ötən illərə nəzərən daha da artmışdır.

Göstərilənlərə əsasən qeyd edirik ki, ölkə ərazisində əhalinin  keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə formalaşdırılır. Ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır.

Müzakirələr zamanı hesabat ilində büdcənin icrası istiqamətində ortaya çıxan risklər və çağırışlar və onların aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumatların hesabatda əks olunması məsələsinə də toxunulmuşdur.

Bildiririk ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət və icmal büdcələrinin icrasına dair illik hesabatlarda risklər və çağırışlar barədə məlumatların göstərilməsinə dair tələb nəzərdə tutulmamışdır.

Bununla belə, 2024-cü il dövlət və icmal büdcələrinin layihəsi ilə bağlı Milli Məclisə təqdim olunmuş İzahatın 7-ci bölməsində gözlənilən fiskal risklər barədə geniş məlumatlar öz əksini tapmışdır.

Plenar iclas zamanı sahibkarlığın tətbiqində verilən güzəştli kreditlərin artırılmasının, onun bölgələr üzrə bərabər paylanmasının zəruriliyi vurğulanmışdır.

Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfeli 31 dekabr 2024-cü il tarixinə 887,5 milyon manat məbləğində olmuşdur.

Eyni zamanda, ötən il sahibkarlara dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və sahibkarların müvəkkil banklardan aldıqları kreditlərə zəmanətin verilməsi və faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 14 milyon manat vəsait istifadə olunmuşdur.

Cari ildə isə dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün 61 milyon manat, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 15 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Büdcənin icrasına dair verilən təkliflərdən biri də hesabatda məhkəmə hakimiyyəti və prokurorluq orqanları xərclərinin müdafiə və milli təhlükəsizlik bölməsindən ayrı göstərilməsi ilə bağlı olmuşdur.

2024-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində (2.2.2.1-2.2.2.5-ci və 2.2.3.1-2.2.3.6-cı maddələrində) və bəndində (3.2.5-ci)  müdafiə, milli təhlükəsizlik və məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri ayrıca sətirlə göstərilmişdir.

Çıxışımın sonunda həm millət vəkillərimizin rəy və təkliflərində qaldırılan məsələlərin daim diqqətdə saxlanıldığını, qaldırılan müvafiq məsələlərin təhlil olunaraq büdcədə əks etdirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü diqqətinizə çatdırmaq istərdim.

Yuxarıdakıları nəzərə alaraq, 2024-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsini bir daha dəstəkləyərək Milli Məclisin plenar iclasının 3-cü oxunuşuna təqdim etməsinə səs verməyini Sizlərdən xahiş edirəm".

Chosen
49
modern.az

1Sources