"Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqəlidir".
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:
"Çünki, biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. İl ərzində icra zamanı isə neftin qiyməti daha yüksək olduqda, əlbəttə bu həm icmal, həm də dövlət büdcəsinin gəlirlərinə ciddi şəkildə təsir edir. İkinci seqment isə bizim qeyri-neft vergi gəlirlərimizin proqnozlaşdırılması ilə bağlıdır. Bu da, ümumi ÜDM-in məbləğindən asılıdır. Belə ki, qeyri-neft vergi gəlirlərinin proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanan bir rəqəmdir, ÜDM-ə isə kifayət qədər təsir amilləri mövcuddur.
Eyni zamanda, bu məsələdə beynəlxalq konyunkturanın təsirləri, xüsusilə Qarabağda bərpa və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar idxalın və buna uyğun büdcə gəlirlərinin artımı nəzərə alınmalıdır.
Bildirmək istərdim ki, bu istiqamətdə proqnozlaşdırmanın təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 2025-ci ilin dörd ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə 99 faiz üst-üstə düşür"deyə nazir qeyd edib.