EN

Müəllimə hörmət və minnətdarlıq: Kiçik jestlərdən böyük suallara

Müəllimlik həmişə ən müqəddəs, ən hörmətli peşələrdən biri sayılıb. Müəllim yalnız bilik verən bir şəxs deyil, eyni zamanda şagirdlərin həyat yolunda tərbiyəçisi, yol göstəricisi, bələdçisi olur. O, təkcə dərs vaxtı yox, şagirdlərin həyatındakı vacib anlarda da onların yanında olur, onları dinləyir, dəstəkləyir, inkişafına kömək edir. Şagirdlərlə belə dərin və mənalı münasibətlərin qurulması müəllimin əsas missiyalarından biridir.

Bundan əlavə, müəllim üçün valideynlərlə münasibət qurmaq da çox önəmlidir. Çünki təhsil üçbucağında - müəllim, şagird və valideyn arasında qarşılıqlı hörmət, anlayış və etimad olmadan uğurdan danışmaq çətindir. Valideynlər müəllimə qarşı təşəkkür və dərin ehtiram hissi ilə yanaşırlar. Onun zəhmətini, fədakarlığını qiymətləndirmək üçün kiçik hədiyyələr vermək, gül-çiçək təqdim etmək isə həm ənənəvi, həm də xoş bir jest kimi qəbul edilir.

Ötən illərdə belə hədiyyələr daha çox sadə və mənəvi qiyməti yüksək olan jestlər olurdu. Valideynlər müəllimə hörmət əlaməti olaraq bir neçə gül, yaxud məktəb üçün lazım olan kiçik bir əşya gətirərdilər. Bunlar böyük pul dəyəri daşımasa da, müəllim üçün böyük mənəvi dəstək, dəyərli bir təşəkkür ifadəsi idi. O zaman üçün əsas məsələ müəllimə olan hörmət və minnətdarlığın səmimi şəkildə göstərilməsi idi.

Amma zaman dəyişir, münasibətlər də... İndi isə müəllimlərə verilən hədiyyələrin ölçüsü, mahiyyəti və növü dəyişib, bəzən artıq sadə hörmət jestindən kənara çıxır. Sosial mediada, cəmiyyətdə bu mövzu ətrafında çoxlu müzakirələr aparılır - bəziləri belə hədiyyələri müəllimə verilən layiqli dəyər kimi görür, bəziləri isə bunun təhsil sistemində etik və sosial problemlər yarada biləcəyindən narahat olur.

İndi bir müəllimə verilən hədiyyə sadəcə təşəkkür deyil, bəzən böyük dəyər daşıyan, bahalı əşyalar olur ki, bu da müəllim-valideyn münasibətlərində müəyyən sərhədlərin pozulmasına səbəb ola bilər. Belə situasiyalar müəllimlərin motivasiyasını artıra bilər, amma eyni zamanda təhsil sahəsində bərabərliyi, ədaləti və etik normaları da sarsıda bilər.

Bu baxımdan, müəllim-şagird-valideyn münasibətlərində dəyər və hörmətin ifadə olunması çox vacibdir. Amma həmin hörmət və dəyərin necə göstəriləcəyi, hansı çərçivədə qalması cəmiyyətin üzərinə düşən məsuliyyətdir. Çünki əsas məqsəd müəllimin peşə etikasını qorumaq, təhsildə dürüstlük və şəffaflığı təmin etməkdir.

Beləliklə, bu mövzu təkcə müəllimə verilən hədiyyə ilə bağlı deyil, həm də cəmiyyətimizin dəyərlər sistemini, təhsilə yanaşmasını, etik münasibətlərini göstərir.

Bu mövzu son günlər Tovuzda yaşanan bir hadisə ilə yenidən gündəmə gəldi. Dərsdən sonra bir müəllimənin valideynlər tərəfindən qonaq çağırılması və həmin ziyafətdə ona qızıl hədiyyə edilməsi geniş rezonans doğurdu. Hər kəsin dilində bu məsələ var. Sosial şəbəkələrdə yayılan görüntülər insanları adətən olduğu kimi yenə də iki yerə böldü: bir tərəf bu davranışı yüksək dəyərləndirdi, müəllimə verilən belə bir diqqəti "gözəl jest" adlandırdı. Digər tərəf isə məsələyə başqa cür yanaşdı - bu cür hədiyyələrin artıq "təşəkkür" çərçivəsindən çıxdığını, təhsildə etik sərhədlərin pozulduğunu irəli sürdü.

Bəziləri yazırdı: "Müəllim öz işini gördüyünə görə maaş alır, əlavə belə hədiyyələr kiməsə tərif, kiməsə təzyiq yaradır." Digərləri isə deyirdi: "Uşağımın taleyində böyük rol oynayan müəllimə qızıl da azdır." Elə burda məsələ daha da dərinləşir: biz doğrudanmı minnətdarlığı artıq ölçü ilə veririk? Yaxud bu ölçü hardan başlayır və harada dayanmalıdır?

Tovuzdakı hadisə bir sual doğurur: müəllimə təşəkkür etmək istəyirik, bəs bunu necə etməliyik ki, həm minnətdarlığımız aydın olsun, həm də cəmiyyət içində yanlış mesaj yaranmasın?

Təhsil eksperti Elçin Əfəndi Olaylar.az-a açıqlamasında qeyd edib ki, təhsil verənlər davranışlarında nümunə olmalı və etik sərhədləri pozmamalıdırlar:

"Təhsil verənlər davranışlarında nümunə və örnək olmalıdırlar və çalışmalıdırlar ki, bəzi tədbirlərdə və yaxud da müvafiq olaraq qəbul olunan qərarlarda etik davranış qaydalarına riayət etsinlər. Təhsil verənlərin etik davranış qaydaları onların işlərini tənzimləyir və demək olar ki, bütün təhsil müəssisələrinin rəhbərliklərinə göndərilir ki, hər bir təhsil müəssisəsində çalışanlar və təhsil alanlar bu təlimatlarla, bu qaydalarla tanış olsunlar.

Hər hansı bir müəllimə, ola bilər ki, hansısa bir valideyn və yaxud da hansısa bir şagird tərəfindən hədiyyə təqdim olunsun. Amma bu hədiyyəni ictimailəşdirib paylaşmaq və yaxud da təhsil verənin məhz bu hədiyyəni tələb etməsi doğru deyil. Bu, artıq etik sərhədlərin pozulmasıdır.

Faktiki baş verən halı nəzərə aldıqda isə, əlbəttə, burada müəllimə təqdim olunan üzük müəllim yoldaşlar və ya valideynlər tərəfindən verilir. Bunun özü, özlüyündə müəllimin reaksiyası əgər hədiyyəni qəbul etməmək olsaydı, onun imici bu qədər zədələnməzdi. Əksinə, daha çox alqışlanardı. Məncə, burada artıq etik sərhədlərin pozulmasına səbəb olan amil görüntünün paylaşılması və müəllimin də onu qəbul etməsidir. Bu, bir növ xaraktercə sanki hədiyyənin tələb edilmiş kimi anlaşılmasına yol açır. Qaldı ki  həmin şəxsə qarşı töhmət verilməsi məsələsinə, düşünürəm ki, məlum davranış qaydalarının pozulması səbəbindən bu qərar qismən doğrudur.

Cəmiyyətin müəllimə təşəkkür etmə forması, ümumilikdə müəllimə olan hörməti ifadə edə bilər və bu, müəllimin nüfuzuna müsbət təsir göstərə bilər. Amma qızıl, gümüş və ya digər əşyaların, yaxud da pulun verilməsi və yüksək dəyərli hədiyyələrin təqdim olunması - bunu mən müəllimə təşəkkür forması kimi qiymətləndirməzdim. Çünki istənilən halda - həm müsbət, həm də mənfi mənada - cəmiyyət müəllimə qarşı öz münasibətini ifadə edir.Ümumiyyətlə, müəllimə hədiyyə verilməsi məsələsində təşəkkür və təşviq arasında sərhədin harada olduğu bəzən sual doğurur.

Əgər müəllim təhsil alanlardan və ya valideynlərdən ziynət əşyası və ya hər hansı maliyyə vəsaiti tələb edirsə, bu artıq rüşvət hesab olunur. Təbii ki, bu rüşvəti qəbul edən müəllim haqqında qanunvericiliyin tələbinə uyğun tədbir görülməlidir. Ola bilər ki, hədiyyə müəllimin evində təqdim olunsun və ya təhsil münasibətindən kənar başqa bir şəraitdə verilsin. Lakin etik davranış qaydalarının pozulmaması üçün müəllim və ya qarşı tərəf bunu ictimailəşdirməməlidir. Cəmiyyət üçün etik norma baxımından müəllimə təşəkkürün forması odur ki, hər hansı bir hədiyyə alındıqda bu açıqlanmamalıdır. Çünki başqaları da görüb eyni davranışı növbəti mərhələdə təkrar edə bilər. Bu da bir növ zəncirvari şəkildə yayılır: birindən başlayır, sonra başqası edir, daha sonra başqa biri.

Bununla bağlı düşünürəm ki, təhsil müəssisələrinin rəhbərləri və ya regional təhsil idarələri müəllimlərlə maarifləndirici və profilaktik söhbətlər aparmalıdırlar ki, belə hallar yaşanmasın. Son dövrlərdə mediada yayılan bu cür görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Qurumların bu məsələlərə reaksiyası isə şəffaflığın və obyektivliyin artması üçün vacibdir ki, sabah başqa biri də eyni davranışı sərgiləməsin.Tədris mühitində gərginlik məsələsinə gəlincə, düşünmürəm ki, burada xüsusi bir gərginlik var. Sadəcə, əgər kimsə qaydaları və qanunları pozursa, müəyyən gərginlik yarana bilər. Lakin bu qərarla artıq hər kəs bilməlidir ki, mövcud qaydalar var və onlardan kənara çıxmaq olmaz. Obyektiv davranış qaydaları mövcuddur və onların pozulması təhsil prosesinə mənfi təsir göstərir. Məsələn, dərs deyən müəllim səhv etdikdən sonra işdən azad olunarsa, onun dərs dediyi şagirdlər zərər görmüş olurlar".

Təhsil sahəsində etik davranış qaydalarının pozulması təkcə müəllimin deyil, həm də təhsil müəssisəsinin nüfuzuna xələl gətirir. Bu cür hallar cəmiyyətdə ciddi narahatlıq doğurur və maarifləndirmə işlərinin gücləndirilməsini zəruri edir. Mövzu ilə bağlı digər bir təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında bildirib ki, hədiyyə ilə rüşvətin sərhədini cəmiyyət olaraq düzgün müəyyənləşdirməliyik:

"Həmin müəllimin müsahibəsinə baxdım, ona hədiyyə verən valideynlərin fikirlərini də dinlədim. Mən orada tam səmimiliyi gördüm. Valideynlər ürəklərindən gəlib bir hədiyyə veriblər. Bunu  şəxsən normal qəbul edirəm. Burada valideynlər tərəfindən verilən bir dəyərdir. Ümumiyyətlə, hədiyyə verilməsi məsələsinə iki fərqli bucaqdan yanaşmaq olar: etik sərhədlərin pozulması və cəmiyyətin həssas yanaşması baxımından.

Əgər hədiyyə xüsusilə maddi baxımdan dəyərli olub, yəni tədris prosesinə və qiymətləndirməyə təsir edirsə, bu artıq etik normaların pozulmasıdır. Hətta rüşvət kimi də dəyərləndirilə bilər. Təbii ki, mən burada belə bir halı açıq-aydın görmədim. Burada  səmimiyyət gördüm.

Cəmiyyətin həssas yanaşması baxımından deyirəm ki, əgər bu hədiyyə müəllimənin zəhmətinə təşəkkür olaraq verilirsə, təbii ki, sadəcə simvolik bir minnətdarlıq ifadə edirsə, burada niyyət ön plana çıxmalıdır. Amma cəmiyyət və dövlət belə hallarda rüşvət görüntüsünə qarşı həssasdır, ona görə niyyət yox, ümumiyyətlə nəticə önəm daşıyır. Bu isə müəllimlərin təşəkkür alma formasını məhdudlaşdıra bilər.

Təşəkkür harada bitir, rüşvət harada başlayır? Bu, oxumaq lazım olan bir məsələdir. Ümumiyyətlə, təşəkkür simvolik dəyəri aşağı olan- gül, suvenir və.s ictimai şəkildə verilə bilər, əvəzsiz qarşılıqlı münasibətlə də ola bilər, ümumiyyətlə minnətdarlıq məqsədi daşıya bilər.

Rüşvət isə ümumiyyətlə baxımlı dəyəri yüksək olan qızıl, pul, texnika və ya başqalarıdır. Əgər belə hədiyyələr gizli şəkildə, ictimaiyyətdən kənar verilirsə, qarşılıqlı gözləmlər - məsələn, "Mən bunu verirəm, sən də uşağıma qiymət yaz, imtiyaz ver, münasibətini yaxşı elə" kimi şəxsi maraq və yönləndirmək məqsədi daşıyırsa, artıq bu rüşvətdir.

Ümumiyyətlə, təşəkkürün qəbul olunma formaları üçün etik normalar mövcuddur. Yəni, açıq-aşkar və simvolik təşəkkürlər, məsələn, kollektiv video, məktub, gül, kitab və ya ictimai tədbirlərdə müəllimlərin təşkil olunması, onlara fəxri fərmanların verilməsi məktəb tərəfindən, artıq bir növ təşəkkür formasını təşkil edir.

Fikir versək, oradakı hədiyyə açıq-ictimai şəkildə verilir. Bu baxımdan mən düşünürəm ki, bu təşəkkür forması da verilən hədiyyədir. Ümumiyyətlə, məktəblərdə və valideynlər arasında maksimum dərəcədə rüşvətə meyllilik şəraitinin yaradılmaması üçün maarifləndirici tədbirlər vacibdir. Həm müəllimlərə, həm valideynlərə etik davranış qaydaları barədə məlumat verilməlidir. Təhsil müəssisələrində etik davranış kodeksi və müəllim-valideyn münasibətlərinə dair protokollar hazırlanmalıdır. Eləcə də valideynlər təşəkkür etmək istəyirlərsə, qanun çərçivəsində şəffaf və rəsmi yollar tətbiq edilməlidir. Sosial mediada yayılan görüntülərə tez reaksiya verilməsinin həm müsbət, həm mənfi səbəbləri var. Müsbət tərəfi odur ki, burada şəffaflıq şəraitində verilməsidir və açıq şəkildə verilməsi rüşvət və qeyri-etik davranışlara qarşı sıfır tolerantlıq mövqeyini göstərir. Yəni, ümumiyyətlə belə bir fikir bildiririk ki, cəmiyyət olaraq hədiyyə ilə rüşvətin sərhədinin düzgün müəyyənləşdirilməsi vacibdir. Müəllimə təşəkkür etmək həm əxlaqi borc, həm də mədəniyyət göstəricisidir. Amma bu təşəkkür etik çərçivələrdə olmalıdır, təhsilin ədalətinə kölgə salmamalıdır. Burada niyyətin təmizliyi ilə yanaşı, cəmiyyətin qəbul etdiyi çərçivələr də nəzərə alınmalıdır. Təhsil sistemində bu sərhədlərin müəyyənləşdirilməsi və maarifləndirilməsi ilə dəstəklənə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
olaylar.az

1Sources