Xəbər verdiyimiz kimi, İsrail bu gücə İrana hava zərbələri endirib. Nəticədə İranın bir neçə yüksək çinli rəsmisi məhv edilib, habelə ölkənin bir sıra uranın zənginləşdirilməsi müəssisəsi, raket bazaları sıradan çıxarılıb.
Qeyd edək ki, bir müddət idi İran ətrafında müəyyən sakitlik hökm sürürdü. Bu da Tramp adminstrasiyasının uranın zənginləşdirilməsi məsələsində İranla başladığı danışıqlarla bağlı idi. Lakin 5 raundluq danışıqlar nəticə vermədi. İran uranın zənginləşdirilməsindən geri çəkilməyəcəyini ortaya qoydu. Belə bir vəziyyətdə gözlənildiyi kimi, İsrail İrana hava zərbələri endirdi.
Aydın məsələdir ki, İran bu fonda sakit dayanmayacaq və cavab zərbələri endirəcək. Bu isə münaqişənin daha kəskin xarakter almasına gətirib çıxara bilər.
Hətta mövcud vəziyyətin yaranması fonunda savaşa digər ölkələrin qoşulması ehtimalı da istisna deyil.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, başlanan proses daha kəskin xarakter alacağı təqdirdə, savaşa digər dövlətlərin qoşulması ehtimalı da yüksələcək:
“İsrailin İrana qarşı hava zərbələri regional təhlükəsizlik tarazlığını yenidən gündəmə gətirdi. Bu hücumlar heç də təkcə Təl-Əvivin qərarı deyil, daha geniş geosiyasi planların konturunda formalaşır. ABŞ və Böyük Britaniyanın İraq və Suriya hava məkanından aktiv hərbi əməliyyatlara başlaması isə bu situasiyanın lokal deyil, qlobal təhlükəsizlik məsələsi olduğunu göstərir”.
Ekspert qeyd edir ki, burada əsas məqsəd radikal silahlı qrupların yayılmasının və İranın regional təsir imkanlarının məhdudlaşdırılmasıdır:
“Bu həm də İranın bölgədəki müttəfiqləri vasitəsilə təzyiq gücünü azaltmağa yönəlmiş proaktiv strategiyadır. İsrail Müdafiə Ordusunun rəhbəri Eyal Zamirin açıqlaması göstərir ki, bu planlar ani qərarların deyil, uzunmüddətli hərbi və diplomatik hazırlığın nəticəsidir”.
Həmsöhbətimizin fikrincə, dünya ölkələri bu cür qarşıdurmalarda hansısa tərəfi açıq dəstəkləməkdən daha çox, barış və dialoq cəhdlərinə önəm verməlidir:
“Məhz neytral, vasitəçi mövqe tutan ölkələr – məsələn, Türkiyə, BMT-nin bir sıra üzv dövlətləri və Avropa İttifaqı bu proseslərdə sülhün təminatçısı ola bilər. İranın ABŞ dəstəyi ilə fəaliyyət göstərən İsrailə daha sərt cavab verə bilməsi üçün hərbi deyil, siyasi ittifaqlara ehtiyacı var”.
Politoloqun qənatəinə görə, Rusiya, Çin və regional oyunçuların iştirakı olmasa qarşıdurma daha da dərinləşəcək:
“Hər iki tərəf – həm Tehran, həm də Təl-Əviv beynəlxalq hüququ və mülki insanların təhlükəsizliyini əsas prioritet olaraq qəbul etməlidir. Əks halda, vəziyyət nəinki Yaxın Şərqdə, hətta qlobal səviyyədə qeyri-sabitliyə səbəb ola bilər.
Çin və Rusiya ilə strateji əməkdaşlıq, Tehran üçün imkan pəncərəsi kimi görünür. Lakin bu əməkdaşlıqlar belə, regionda gərginliyin artmasına səbəb olmamalıdır. İsrailin təhlükəsizlik narahatlıqları da realdır, lakin bu, qarşılıqlı təhlükə dili ilə deyil, siyasi dialoqla həll olunmalıdır. Yaxın Şərq bu qədər qan və göz yaşından sonra artıq barışa ehtiyac duyur”.
Rüfət Sultan, Bizim.Media