BAKI, 13 iyun. TELEQRAF
"Qaz təchizatı haqqında" qanun layihəsində xeyli ziddiyyətli məqamlar var. Oxucunun anlaması üçün qanunun məqsəd funksiyası olmalıdır.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, layihə ilə bağlı mətbuatda narazılıqlar var: "Təqdimatçılar vurğulayır ki, bu qanun vətəndaş məmnunluğunu artıracaq. Azərbaycanın "Normativ hüquqi aktlar" haqqında qanunu var. Burada normativ hüquqlar haqqında yanaşmalar öz əksini tapıb. Bu qanunun da həmin yanaşmalara cavab verməsi sual doğurur. Təqdimatçılar deyir ki, qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. Bildirirlər ki, bu, qiymətlərin artmasına təsir etməyəcək. İstilik, su, qaz sahəsində çalışan rəsmilər bildirir ki, xərclərimiz əhaliyə satılan qiymətdən çoxdur. Əgər xərclər dəqiqləşdirilirsə, indi olmasa da, gələcəkdə qiymətlər artacaq. Hansı ölkələrdə bu təcrübə var? Suallar çoxdur. Açıq formada deyirəm ki, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərdən də istifadə edib "Azəriqaz" öz xərclərini qarşılaya bilməz".
Deputat dağlıq kəndlərdə yaşayan əhalinin problemlərinə də toxunub: "Bəzi həmkarımlarımla qaza, işığa tətbiq edilən limitin ləğv edilməsini təklif etdiyimiz vaxt bu məsələ ortaya çıxdı. Bəzi dağ kəndlərində insanlar qazın pulunu ödəyə bilmədikləri üçün odundan istifadə edirlər. Hansı məntiqlə həmin insana deyəsən ki, işlətmədiyin qaza görə pul ödə?!"