EN

Qazaxıstanlı nümayəndə: Onkologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi vacibdir

Bakı, 13 iyun, AZƏRTAC

Hər bir dövlət səhiyyənin onkologiya sahəsinə xüsusi diqqət yetirir. Çünki bu, sosial baxımdan əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində iştirak edən Qazaxıstanın Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jandos Burkitbaev jurnalistlərə müsahibəsində deyib.

İdarə Heyətinin sədri türk dövlətləri arasında onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərindən də danışıb. O, bunun üçün müalicə işində, eləcə də təhsil və elm sahələrində qarşılıqlı münasibətlərin qurulmasının lazım olduğunu diqqətə çatdırıb. "Üç istiqamətdə fəal şəkildə iş aparılmalıdır – praktik səhiyyə, təhsil proqramları və elmi fəaliyyət sahələri", - deyə o əlavə edib.

Jandos Burkitbaevin sözlərinə görə, müvafiq istiqamətdə böyük perspektivlər var. “Onkoloji xidmətin inkişafı, ölkələrimizin əhalisinə yüksək ixtisaslaşdırılmış onkoloji yardımın göstərilməsi məqsədilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi mühüm məsələlərdəndir”, - deyə o vurğulayıb.

Chosen
43
azertag.az

1Sources