Prezidentin fərmanına əsasən bir çox müavinətlər artsa da, müharibə veternlarına verilən 80 manatlıq müavinətdə heç bir dəyişiklik edilməyib. Hərbi ekspert Üzeyir Cəfərov bunun səbəbini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarılmalı olduğunu düşünür.
O, "Yeni Sabah"a bildirib: "Anar Əliyev bir müddət əvvəl demişdi ki, büdcə müzakirələri zamanı bu məsələlərə baxıla bilər. O vaxtı o, hələ Sahil Babayevin müavini idi. Artıq nazirdir.
Əlbəttə, müharibə veteranları arasında narazılıq var, çünki onlar gözləyirdilər ki, daim onları ümidləndirən Milli Məclisin deputatı Vüqar Bayramovun dediyi, nəhayət, reallaşdıracaq. Vüqar Bayramov isə utanmadan hər şeydən danışdı, amma veteranlara dair danışmadı.
Niyə belə münasibət var?! Yenə də deyirəm ki, bu məsələni müvafiq şəxslərdən soruşmaq lazımdır. Mən onların yerinə cavab verə bilmərəm. Amma çox təəssüflənirəm ki, müharibə veteranları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç nə etmək fikrində deyil. Bu da müharibə iştirakçıları arasında müəyyən narazılığa səbəb olur.
Yaxşı olardı ki, müvafiq qurumlar və müvafiq şəxslər bu haqda düşünsünlər, təkliflərini lazım olan ünvanlara çatdırsınlar. Mən bu fikri cəmiyyət arasında olan bir insan kimi deyirəm. İnsanların gözləntiləri böyük idi, 80 manatla ailəsini dolandıranlar var. Çox təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Ancaq qondarma agentliklər yaratmaqla bürokratik aparatı şişirdib. O aparatın saxlanması üçün dövlət büdcəsindən kifayət qədər məbləğ sərf olunub.
Məncə, Nazirlər Kabineti ciddi düşünməlidir. Azərbaycanda bir çox qurum var ki, şişirdilmiş ştatlar yaradıb. Azərbaycana qələbə yaşatmış, ordunun sıralarında xidmət etmiş veteranlar, təəssüf ki, Nazirlər Kabinetinin səhvi ucbatından layiq olduğunu ala bilməyib. 5 ildir müharibə başa çatıb, amma Nazirlər Kabineti hələ də 10 minlərlə insanın halal haqqını tanımır. Onların hələ də vaxtı var ki, səhvlərini düzəltsinlər. Müharibədə iştirakçıları layiqli və lazımi şəkildə qiymətləndirilməlidir. Çünki onlar bu dövlət, bu ölkə üçün hər şeyi ediblər və yenə də etməyə hazırdırlar. Düşünməməliyik ki, müharibə bitib".
Rəvan Rzazadə
Telegram kanalımız