BAKI, 13 iyun. TELEQRAF
"Həcc ziyarətindən qayıdan bir qrup azərbaycanlı hacı hazırda Ciddədə oteldə yerləşdirilib. Onlar "Fly Nas" hava yolları şirkətinə məxsus təyyarə ilə geri qayıtmaq qərarına gəliblər. Güman edirəm ki, həmin şirkət onların Bakıya uçuşu ilə bağlı tədbir görəcək".
Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, QMİ-nin "Fly Nas" şirkətinə nəzarəti yoxdur.
"Bizim proqramımız "AZAL"la həyata keçirilir. Plana uyğun olaraq ilk zəvvar qrupu iyunun 16-da Bakıya qayıdacaq. Amma kim daha tez qayıtmaq istəyibsə özü müstəqil bilet alıb".
Qeyd edək ki, Bakıya qayıtmaq üçün yola çıxan zəvvarlar Ciddədə eniş ediblər və Bakıya uçuşları ləğv olunduğuna görə uzun müddət aeroportda gözləməli olublar.